Məhkəmə qərarları › İş №2(001)-99/2019

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-99/2019

07.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənəvi zərərin ödənilməsi - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-99/2019 07.02.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının və oğlu X1 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilmiş, tərəf qətnamədən narazı qaldığına görə apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi formal olaraq icra olunmuş, ona evin açarı təqdim olunmuşdur. Lakin cavabdehlər nə ona, nədə ki, hazırda həqiqi hərbi xidmət keçən oğluna bir gün belə həmin yaşayış sahəsində yaşamağa imkan verməmişlər. O, məcburiyyət qarşısında qalaraq əvvəlcə atasına məxsus mənzilə, bir neçə gün sonra isə kirayəyə mənzil tutub ora köçmüşdür. Evdən qovulduğu gündən kirayədə qalır və hər ay 200 manat kirayə haqqı ödəməyə məcburdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni Yol küçəsi 14 saylı evdən istifadə qaydası müəyyən olunmaqla, iki otağın, mətbəxin və ayaqyolunun iddiaçının və oğlunun istifadəsinə ayrılması və xx.xx.2016 il tarixdən başlayaraq hazırki iş üzrə qətnamə qəbul edilən tarixədək hər ay 200 manat ödədiyi kirayə haqqını – 3000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirmiş, qeyd olunan yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi və ona dəymiş ziyanın ödənilməsi üçün 4000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərmişdir ki, onun mübahisəli evə köçürülməsi barədə 2015-ci ildən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, cavabdehlər həmin qətnamənin faktiki icrasına şərait yaratmırlar və onun həmin evə köçməsinə imkan vermirlər. Bu barədə o, dəfələrlə polisə müraciət etmiş, lakin ona mübahisənin məhkəmə səlahiyyətinə aid olduğuna görə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Ona görə də, yenidən məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 2(103)-7378/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və X1 cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3, Cavabdeh4 Həmzəli oğlu və X5 qarşı evə köçürülmə barədə ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və X2 qarşı evə istifadə hüququnun itirilmiş hesab olunması barədə qarşılıqlı iddiasına baxmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “İddiaçı və Cavabdeh1 1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə yaşadıqları müddətdə iki uşaqları - 1994-cü il təvəllüdlü Cavabdeh3 və 1996-cı il təvəllüdlü Məhəmməd Qulaməliyev doğulmuşdur. İddiaçı ailə qurduqdan sonra, yəni 1993-cü ildən etibarən həmin evdə yaşamış, 2014-cü ilin iyul ayında əri ilə münasibətlərinin gərginləşməsindən sonra evi tərk etməyə məcbur olmuş, daha sonra Məhəmməd Qulaməliyev də atası ilə münasibətlərinin gərginləşməsi səbəbindən evi tərk edərək anasının yanına getmişdir. İddiaçı və Cavabdeh1 nikahı 2014-cü ilin sentyabr ayında rəsmi qaydada pozulmuşdur. İddiaçı və Məhəmməd Qulaməliyevin dediyinə görə onlar hazırda kirayəyə götürdükləri mənzildə yaşayırlar. 2015-ci ilin yanvar ayında Cavabdeh1 başqa qadınla ailə quraraq həmin qadını evə gətirmişdir. İddiaçı bildirir ki, evi könüllü tərk etməmişdir, fərqli namaz qıldığına görə əri onu evdən qovmuşdur. Cavabdeh1 isə bildirir ki, arvadı vəhabidir, o, arvadını doğru yola gətirmək istəmiş, bu səbəbdən münasibətləri korlanmış, arvadı qızını da götürərək evi öz xoşu ilə tərk etmişdir. Sonradan oğlu da onun başqa qadınla evlənəcəyini bilərək öz xoşu ilə evi tərk etmişdir. ... İddiaçıların evdən istifadə hüququnun olmaması evə köçürülrmə barədə tələbin təmin edilməsinə mane olmur. Belə ki, müəyyən olunur ki İddiaçı 21 il yaşadığı evdən, iddiaçı Məhəmməd Qulaməliyeı isə 18 il yaşadığı evdən qanunsuz məhrum edilmişlər. Azərbaycan Respublikas Konstitusiyasının 43-cii maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişiniı xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yən iddiaçılar köçmək istədikləri evdə yaşayıblar və yaşadıqları evdən məhrun ediliblər. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursaməhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçılar məhrum edildiyi evə köçürülməlidir.”. İş materiallarında olan xx xxx 2016-cı il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 icra sənədinin icrasından yayınmadı, evin giriş qapısının açarının 1 nüsxəsini İddiaçı təqdim etdi, icra zamanı tərəflər arasında hər hansı bir münaqişə baş vermədi. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin İddiaçı ünvanladığı xx xxxx 2016-cı il, xx xxxx 2016-cı və xx xxxx 2016-cı il tarixli cavab məktublardan görünür ki, İddiaçı xx xxx 2016-cı, xx xxx 2016-cı və xx xxxx 2016-cı il tarixli ərizələrində göstərdikləri xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğundan, ərizələrinin əsasında toplanmış materialların arxivə verilməsi bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən – iddiaçıya evə buraxılmadığına görə dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “HornsbiYunanıstana qarşı” iş üzrə xx xxxx 1997-ci il tarixli qərarında qeydetmişdirki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə xx xxx 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Hüquqi müəyyənlik Avropa Şurası üzvü olan dövlətin üzərinə öhdəlik kimi götürdüyü hüququn aliliyi prinsipinin tərkib hissəsidir. Ona görə məhkəmə qətnaməsi hər hansı şəxsin hüquq və azadlıqlarının müəyyən edilməsinə münasibətdə özündə qeyri-müəyyən müddəaları nəzərdə tutmamalıdır. Konstitusiya və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırılması kimi təminatlar həm məhkəmə araşdırması, həm müvafiq qərar qəbul edilməsi və həm də qəbul edilmiş qərarların icra edilməsini ehtiva edir. Bütün bu prosessual hərəkətlər bir-biri ilə əlaqəli olub, bir-birinin davamı olmaqla ədalət mühakiməsi (anlayışını) prosesini tamamlayır. Qəbul edilmiş məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin davamı olan bir mərhələdir. Ədalət mühakiməsi qəbul edilmiş qərarların icrası ilə başa çatır. Qəbul edilmiş məhkəmə qərarlarının icra edilməməsi və ya icranın təmin edilməməsi Konstitusiya ilə müəyyən olunmuş məhkəmə təminatı hüququnun pozulması olmaqla ədalət mühakiməsinin mahiyyətini heçə yendirir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə xx xxx 2016-cı il tarixdə formal olaraq icra olunsa da, cavabdehlər tərəfindən faktiki olaraq icra edilməmiş, iddiaçı yaşayış sahəsinə buraxılmamış və xx xxx 2016-cı il tarixdən başlayararaq hüquqlarının pozulması barədə əizələrlə polisə müraciət etməyə başlamış, lakin bu bir nəticə verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da oğlu ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bununla belə iddiaçının və onun oğlunun evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan iddia tələbi “istifadə qaydalarının müəyyən edilməsi” hissəsində əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən - İddiaçı X3 ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(001)-7724/2015 saylı qətnaməsi ilə köçürülməsi qət edilmiş mübahisəli yaşayış sahəsinə buraxılmadığı dövrdə kirayə haqqı kimi ödəmiş olduğu 4000 manat məbləğində pulun cavabdeh X4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, özbaşına tikili olan evdən istifadə qaydasının müəyyən edilməsi hissəsində isə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı oğlu Məhəmməd Qulaməliyev ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(001)-7724/2015 saylı qətnaməsi ilə köçürülməsi qət edilmiş mübahisəli yaşayış sahəsinə buraxılmadığı dövrdə kirayə haqqı kimi ödəmiş olduğu 4000 (dörd min) manat məbləğində pul cavabdeh X4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver