Məhkəmə qərarları › İş №2(002)-1210/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1210/2021

08.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1210/2021 08.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun oğludur və 31 oktyabr 2002-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. Oğlu Sadiq onunla birlikdə Qaradağ rayonu, Qobu park yaşayış massivində məskunlaşmışdır. X5 uşaq serebral iflici tetraplegik formasında ppastik tetraplegiya mərkəzi sinir sisteminin orqanik xəstəliyi, əqli inkişafdan qalma diaqnozu ilə müddətsiz əlillidir. Ona ərizəçi baxır, əmək qabiliyyəsiz olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, oğlu X2 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlunun fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona oğluna qəyyum olunması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 31 oktyabr 2002-ci il tarixdə Ağdam rayonunda doğulmuş, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə” arayışının surətindən görünür ki, X5 birinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AXTV 12884 saylı “məsləhət vərəqinin” surətindən görünür ki, X3 “əqli inkişafdan geriləmə” diaqnozu vardır. İş materiallarında olan Ağdam rayon Gülablı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2003-cü il tarixli, AZ-l seriyalı, 322019 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 oktyabr 2002-ci il tarixdə Ağdam rayonunun Ətyeməzli kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 18 may 2021-ci il tarixli, 1526 saylı rəyindən görünür ki, X3 dərin əqli gerilik uşaq serebral iflici ilə əlaqədar aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Qeyd edilən Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bu baxımdan o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilsin. 31 oktyabr 2002-ci ildə Ağdam rayonunda anadan olmuş, hal-hazırda ünvan 1 ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasina apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar