Məhkəmə qərarları › İş №2(002)-1307/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1307/2024

24.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1307/2024 24.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və maddi zərərin ödənilməsi tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və maddi zərərin ödənilməsi tələbləri barədə iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 23, 8 saylı mənzilin tam boşaldılaraq iddiaçı və mülkiyyətçi İddiaçı təhvil verilməsi, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qǝsəbəsi, E.Quliyev küçəsi, ev 23, mənzil 8-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi qanunsuz və əsassız istifadə etdiyi üçün iddiaçıya vurduğu maddi ziyana görə 8400 manat pulun İddiaçı xeyrinə tutulması, 8400 manat pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 840 manat məbləğində vəsaitin Cavabdeh İddiaçı xeyrinə tutulması, ödənilmiş 134 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələblərini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qǝsəbəsi, E.Quliyev küçəsi, ev 23, mənzil 8 ona satılmışdır. AR DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 23, 8 saylı mənzil onun tam mülkiyyətindədir. Lakin alqı-satqıdan sonra cavabdeh mənzili təhvil vermək əvəzinə ona qarşı əsassız iddia qaldırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-44/2023 saylı, 12 yanvar 2023 tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3451/2023 saylı, 5 iyun 2023-cü il tarixli qətnaməsi, Ali Məhkəmənin 2(102)-3777/2023 saylı, 1 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin alqı-satqı müqaviləsinin etibarsızlığına dair əsassız və qanunsuz iddiası rədd edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh mənzili yenə də ona təhvil vermir, mənzili tərk etməkdən əsassız olaraq yayınır. Cavabdehin bu hərəkətləri onun mülkiyyətçi kimi hüquqlarını pozmaqla yanaşı, ona böyük məbləğdə maddi ziyanın vurulmasına səbəb olmuşdur. Belə ki, həmin mənzili alan zaman planlaşdırmışdır ki, ən geci 1 (bir) aydan sonra mənzili cavabdehdən təhvil alıb kirayəyə verməklə hər ay gəlir əldə edəcəkdir. Mənzili məhz həmin məqsədlə almışdır. Buna sübut olaraq bildirir ki, hazırda ona məxsus iki mənzil kirayəyə verilmişdir. Belə ki, ona məxsus olan Bakı şəhəri, Qaradag rayonu, Sahil qəsəbəsi, Komsomol meydanı, ev 5, mənzil 3 və qeydiyyatda olduğu Bakı şəhəri, Qaradag rayonu, Sahil qəsəbəsi, Komsomol meydanı, ev 3A icarədədir. Özü isə ünvan 1 ünvanında yaşayır. Həmin tipli eyni kvadratlı iki otaqlı mənzilini muqaviləyə əsasən 300 manata icarəyə vermişdir. Lakin cavabdehin ona məxsus olan mənzili təhvil verməməsi və mənzildən qanunsuz istifadə etməsi onu əldən çıxmış fayda qismində icarə (kirayə) gəlirindən məhrum etmişdir. Halbuki, alqı-satqı müqaviləsi bağlandığı gündən 3 ay keçdikdən və təqribi 2 ay təmir müddəti bitdikdən sonra gələn hər ay üçün cavabdehdən icarə (kirayə) haqqı tələb etmək hüququ vardır. Ona görə də həmin müddətlər nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə kimi 24 ay üçün hər ay 350 manat icarə (kirayə) haqqı hesablanmaqla cavabdehdən onun xeyrinə 8400 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, hesab edir ki, həmin məbləğin gecikdirilməsinə görə 840 manat, həmçinin dövlət rüsumu cavabdehdən tutulmalıdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh özü də həmin mənzili satmadan əvvəl aylıq 250 manata kirayəyə vermişdi. 2022-ci ilin mart ayında tikinti ustası olan bir şəxs mənzili kirayəyə götürmək istəyirdi, həmin şəxs orada yaşamaqla təmir işlərini də görəcəkdi, lakin cavabdeh onları mənzilə buraxmayaraq buna imkan vermədi. Daha sonra bir hərbçi ilə kirayə barədə müqavilə bağladı, lakin cavabdeh mənzili ona təhvil vermədiyinə görə bu da baş tutmadı. Göründüyü kimi, cavabdeh onu iki ildən artıq müddət ərzində öz mülkiyyətindən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum etmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı onun tanışıdır, bir qəsəbədə yaşayır. İki il əvvəl iddiaçı kirayənişin axtarırdı. Həmin vaxt onun tanıdığı bir ev ustası mənzili 350 manata kirayə tutmaq istəyirdi, özü təmir edib yaşayacaqdı, lakin əvvəlki sahibi onları mənzilə buraxmadığına görə alınmadı. Sonradan iddiaçıdan bir neçə dəfə mənzil barədə soruşub, lakin iddiaçı hələ də problemin həll olunmadığını deyib. Məhkəmə, izahatı, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 23, 8 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 11-ci bəndinə əsasən, satıcı Cavabdeh daşınmaz əmlakı xx.xx.2022-ci il tarixinədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev ev 23, 8 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Komsomol meydanı, ev 5, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, kirayəyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 37.9 kv.m, yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 13,9 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissəni) kirayəçi X1 vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, kirayəyə götürən kirayəyə verənə 300 manat kirayə haqqı ödəyir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı adına olan ünvan 3 ünvanının enerji təchizatı şəbəkəsinə qoşulması üçün 160 manat məbləğində qoşulma haqqı ödənilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, həmin ünvan üzrə elektrik enerjisi üzrə sərfiyyat və borc hesablanmışdır. İş materiallarında olan Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********5048 seriyalı tədiyyə bildirişinin surətindən görünür ki, Komsomol küçəsi, ev 5, mənzil 3C ünvanı üzrə İddiaçı əmlak vergisi və torpaq vergisi hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alqısatqı müqaviləsnin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh 300 manatın tutularaq "xxxx" MMC-yə, 124 manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3451/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-44/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3777/2023 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3451/2023 saylı, 5 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh (xx.xx.1958) ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, kirayəyə verən İddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 42.40 kv.m, mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissəni) kirayəçi X2 iki il müddətinə kirayəyə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, kirayəyə götürən kirayəyə verənə 350 manat kirayə haqqı ödəyir. İş materiallarında olan Əmlakların Alqı-Satqı nümayəndəsi X3 (VÖEN **********) tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Qaradağ rayonu Sahil qəsəbəsində yerləşməsindən asılı olaraq 40-45 kv.m metrlik iki otaqlı mənzil əşyasız boş halda, təmirindən asllı olaraq 250-300 manat, əşyalı, təmirindən asılı olaraq 300-450 manat məbləğində kirayə (icarə) verilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanan məktubun surətindən görünür ki, təmir tikinti təşkilatı olaraq 40 kv.m mənzili təxminən 45-60 gün arası vəziyyətindən asılı olaraq təmir edib təhvil verə bilərlər. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, dövlət reyestrindən çıxarışa, qüvvədə olan məhkəmə aktlarına əsasən müəyyən edildi ki, mülkiyyətçi olan iddiaçının ona məxsus mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb etməsi tam əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı mənzili ona təhvil verməyən cavabdehin hərəkətləri nəticəsində həmin mənzili kirayə verməklə gəlir əldə etmək imkanından məhrum edilmiş və əldən çıxmış fayda qismində zərərə məruz qalmışdır. İddiaçı mənzili kirayə vermək niyyəti və imkanları barədə kifayət qədər sübut (o cümlədən özünə məxsus digər mənzilin kirayə müqaviləsi, mübahisəli mənzillə bağlı kirayə müqaviləsi, başqa yaşayış yerinə malik olması barədə sənədlər, şahid ifadəsi) təqdim etmişdir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, tələb edilən zərər məbləği qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı öz izahatında mübahisəli mənzilin olduqca köhnə, təmirsiz olduğunu bildirmişdir. Bundan əlavə, alqı-satqı müqaviləsinə əsasən mənzilin xx.xx.2024-cü il tarixdə təhvil verilməli olduğu, "xxxx" MMC-nin arayışında təmir müddəti iki ay qeyd olunsa da, ağlabatan mühakimə əsasında həmin müddətin altı ay həddində, bununla da iddiaçının xx.xx.2024-cü il tarixədək gəlir əldə etmə imkanının iyirmi ay həddində qəbul edilməli olduğu nəzərə alınaraq, eyni zamanda xx.xx.2024-cü il tarixli məktubda oxşar şəraitli mənzillər üçün qeyd olunmuş ən aşağı qiymətin 250 manat olduğu əsas götürülməklə, əldən çıxmış fayda barədə iddia tələbinin 20x250=5000 manat həddində təmin edilməsi ağlabatan və ədalətli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış fayda qismində məruz qaldığı ziyan məbləği üçün əlavə olaraq gecikmə faizi tələb etməsi əsassızdır. Belə ki, kirayə gəlirinin əldə edilməsi onsuz da vaxtaşırı olaraq aylıq əsasda mümkün idi, ona görə də gecikmə üçün əlavə məbləğin tutulması əsaslı və ədalətli hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 23, 8 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh iddiaçıya dəymiş maddi ziyana görə 5000 (beş min) manat məbləğində pul və 60,82 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar