Məhkəmə qərarları › İş №2(002)-1718/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1718/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1718/2021 07.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birgə nikahlarından olan 17.11.2013-cü il təvəllüdlü X3 və 17.04.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehlə əvvəlcə faktiki nikahda olmuş nikahları 15.09.2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 17.11.2013-cü il tarixdə Zəminə 17.04.2020-ci il tarixdə isə Şahan adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da lakin sonradan pozulmuş, hazırda SOCAR "Kompleks qazma işləri"' idarəsində işləsə də uşaqlarının saxlanması üçün ona heç bir maddi yardım etmir, onların saxlanılmasına valideynləri köməklik edir. Hesab edir ki. qanunvericiliyin tələbinə görə cavabdeh birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün ona aliment ödəməlidir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasıni məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin dənizdə işlədiyini, ona görə də iclasda iştirak edə bilmədiyini, onun özü ilə də əlaqə saxladığını, rəsmi iş yerinin olduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seryalı 199805 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17.11.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seryalı 435254 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17.04.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seryalı 298997 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında nikah 15.09.2018-ci il tarixdə 3274 nömrəli akt qeydi ilə tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Nuriyev arvada Nuriyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aşağıdakı miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah münasibətlərində olmuş, onların rəsmi nikah münasibətlərindən 17.11.2013-cü il təvəllüdlü X6 və 17.04.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. İddiaçı iddia tələbinin əsası kimi uşaqların onun himayəsində olmasına baxmayaraq, cavabdehin könüllü şəkildə uşağın saxlanması üçün heç bir maddi yardım göstərməməsi, özünün isə uşağı saxlamaqda çətinlik çəkməsi, özünün hal-hazırda heç bir yerdə işləməməsi, uşaqların həm sağlamlıqlarının, həm təhsil, həm maddi və digər tələbatlarının ödənilməsində çətinlik çəkməsi kimi hallara istinad etmişdir. Bu halda, qeyd olunan halları nəzərə alaraq, habelə ailə qanunvericiliyinin normalarını əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçı onun himayəsində olan tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün aliment təyin edilməsi tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə təyin edilən alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin rəsmi iş yerinə, aylıq qazanca malik olduğu müəyyən edilmişdir. Bu halda, məhkəmə ailə qanunvericiliyinin tələbini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 06.05.2021-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17.11.2013-cü il təvəllüdlü X6 və 17.04.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancınn və başqa gəlirlərinin 1\3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17.11.2013-cü il təvəllüdlü X6 və 17.04.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancınn və başqa gəlirlərinin 1\3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilsin. Aliment 06.05.2021-ci il tarixdən tutulsun. Qətnamə dərhal icra edilsin. İş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar