Məhkəmə qərarları › İş №2(002)-1872/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1872/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1872/2021 01.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı 2015-ci il təvəllüdlü X1 ilə birlikdə- ona məxsus Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,39 saylı evin 38 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz iddiaçının öz razılığı əsasında ona məxsus mənzilə formal olaraq qeydiyyata düşmüş onun qohumları olan cavabdehləri həmin mənzilə dair qeydiyyatdan çıxartmaqla əlaqədar olaraq mənzilə dair istifadə hüququna xitam verilməsi tələbi ilə bağlıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdehlər iddiaçının qohumu olmaqla məhz iddiaçının öz razılığı əsasında qeydiyyata düşmüşlər. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri məhz iddiaçının öz razılıq ərziəsi əsasında ona məxsus yaşayış sahəsinə qohumları olan şəxslərin qeydiyyata alınması ilə bağlı olan hüquq münasibətləridir. Bu halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən müvafiq Qərarın tələbinə əsasən həmin hüquq münasibətlərinə məhz mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Qeyd edilən halları nəzərə alaraq, müvafiq Qərarın tələbini əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi məhkəmə icraatına qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya qeyd edilən məsələnin həlli ilə bağlı ilk növbədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etməli, həmin orqan tərəfindən bundan imtina olduğu halda, yaranmış mübahisənin həlli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi icraata qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar