Məhkəmə qərarları › İş №2(002)-212/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-212/2021

27.01.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-212/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmaqla onun oğludur. Vüqar xəstə olmaqla diaqnozu “Kvadropleqik spastik serebral iflic, Uşaq serebral iflici-tetraparetik hiperkinetik forma“ xəstə olmaqla onda ağır dərəcəli 1-ci qrup əlildir, mütamadi olaraq müalicə olunur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi Vüqar xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlunun fəaliyyət qabiliyyəti olmamasını müəyyən etdirmək ona Vüqara qəyyum olunması üçün lazımdır. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi ev 1-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.2002-ci il təvəllüdlü X1 atasıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışının surətindən görünür ki, X4 1-ci qrup əlildir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2379/2020 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 21 saylı ekspert rəyindən görünür ki, X2 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK qeyd olunur. Bunu anamnestik məlumatlar, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər və sair əlamətlər sübut edir. Ekspert mülki iş materiallarının, həmin materialda olan toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə- psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1 .Sual: X2 orta dərəcəli əqli gerilik qeyd olunur.2. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.3. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar