Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2929/2025 04.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İddia tələbi Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı oğlu Həsənov Asifin adının “Asif”dən “Paşa”ya dəyişdirilməsini xahiş etmişdir. İddia tələbinin əsası O, Ərizəçi 9 yaşlı oğlu Həsənov Asif haqqında bildirir ki, uşağın özünü tanıyandan bəri yalnız “Paşa” adı ilə tanınır və həmin adla çağırılır. Hazırda doğum haqqında şəhadətnamədə adı “Asif” kimi qeyd olunub, lakin bu ad uşağın öz istəyi və razılığı olmadan sənədlərə düşmüşdür.Uşaq evdə, məktəbdə, bütün sosial mühitdə “Paşa” adlı ilə təqdim olunur. Onun imtahan qeydiyyatlarında, məktəb sənədlərində, dəftərlərində, hətta müxtəlif sertifikatlarda adı “Paşa” kimi qeyd olunub. Müəllimləri də bu adla tanıyır və o özü bu adı mənimsəmişdir. Hazırda uşaq “Asif” adının sənədlərdə yazıldığını bildikdə sonra psixoloji narahatlıq yaşayır, “onun adı Paşadır” deyərək ağlayır və adını dəyişmək istədiyini dəfələrlə bildirdi. Onun emosional və psixoloji rahatlığı üçün bu dəyişiklik zəruridir. Məhkəmənin mövqeyi Məhkəmə ərizə və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 153.2.1 Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4 Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5 Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6 İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarı 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Əsaslandırma Məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələbi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə aiddir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı inzibati orqanın cavabını qanunsuz və əsassız hesab edərsə, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizənin icraata qəbulundan imtina edilməli, iddiaçıya adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqana müraciət etməli olması və imtina olunduğu təqdirdə həmin imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ izah olunmalıdır. Nəticə Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi azyaşlı oğlu Həsənov Asifin adının “Asif”dən “Paşa”ya dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. İddiaçıya adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqana müraciət etməli olması və imtina olunduğu təqdirdə həmin imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2929/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2929/2025
04.07.2025 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver