Məhkəmə qərarları › İş №2(002)-571/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-571/2021

13.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-571/2021 13.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərə iddia ərizəsini imzalamış Sadıq Ağayevin İddiaçı MMC-nin baş direktoru olmasını təsdiq edən sənəd və ya İddiaçı MMCnin qanuni təmsilçisi barədə dövlət reyestrindən çıxarış əlavə edilməmişdir. Ona görə də iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş, iddiaçı və cavabdeh arasında bağlanan əmək müqaviləsinin 5.4-cü bəndindən görünür ki, tərəflər biri digərinə ziyan vurarsa müəssisənin yerləşdiyi ərazidəki Xaçmaz Rayon Məhkəməsinə müraciət ediləcəkdir. Göründüyü kimi, tərəflər birinin digərinə qarşı ziyan tələbi barədə iddialar üzrə səlahiyyətli məhkəmə kimi Xaçmaz Rayon Məhkəməsini müəyyən etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinin başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd olunan hallara və sadalanan hüquq normalarına əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qanunamüvafiq qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC-yə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar