Məhkəmə qərarları › İş №2(002)-608/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-608/2022

11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-608/2022 11.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbləri barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 2000 manat məbləğində maddi ziyan, 3000 manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 5000 manat məbləğinin tutulması və cavabdehin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 09.06.2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan 25.03.2010-cu il təvəllüdlü Eltac və 21.10.2016-cı il təvəllüdlü Ömər adlı uşaqları dünyaya gəlmişdir. Nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar ananın himayəsinə verilərək, hər ay onların saxlanması üçün 280 manat məbləğində alimentin cavabdehdən tutulması qət olunmuşdur. Cavabdehlə birgə nikah dövründə 28.01.2016-cı ildə iddiaçının valideynlərinin maliyyə dəstəyi ilə ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsinə əsasən əldə etmişlər. 28.06.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh həmin mənzili ona bağışlamışdır. Hal-hazırda həmin bağışlama müqaviləsinə əsasən mübahisəli mənzil yalnız ona məxsusdur. Buna baxmayaraq cavabdeh ona məxsus olan həmin mənzili könüllü olaraq tərk etmir, bu da onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Belə ki, münasibətlərinin pozulduğu 2020-ci ildən iki azyaşlı övladı ilə kirayələrdə və ata evində qaldığı halda, cavabdeh ona məxsus olan mənzildə rahat şəkildə qalmaqda davam edir. Hesab edir ki, onun bu hərəkəti qanunsuzdur. Belə ki, mübahisəli mənzili birgə nikah dövründə əldə etsələr də, cavabdeh könüllü olaraq öz payını da ona bağışlamış və həmin vaxtdan mənzil üzərində hüquqlarını itirmişdir. Ər-arvad olduqları vaxtda ailə üzvü kimi onunla birlikdə həmin mənzildə yaşamaq hüququ olsa da, nikahları pozulduğu tarixdən bu hüququnu itirmişdir. Qeyd edir ki, cavabdehlə birgə yaşamaqları mümkün olmadığından 2020-ci ildən o, cavabdehin hərəkətləri ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. Həmin tarixdən cavabdehi başa salmağa çalışmışdır ki, mübahisə mənzilə dair hər hansı hüququ olmadığından evi tərk etməlidir, lakin cavabdeh bunu həyata keçirməkdən imtina edir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hazırki tarixədək yığılıb qalmış aliment borcundan bir manat da olsun ödəniş etməmiş və onu azyaşlı uşaqları ilə yaşamaq üçün hər ay əlavə vəsait xərcləməyə vadar etmişdir. Evsiz qaldığı üçün tərəfindən bu məqsədlə 2000 manat pul xərclənmişdir, göstərdiyi bu halların mənəvi izdirabı isə həddindən artıq ağır olmuşdur. Bundan əlavə, bütün cehiz əşyaları da həmin mənzildə yerləşir: qonaq otağı-dəst mebel (stol, 8 stul, televizor altı, kamot, bar kamot), divan; yataq otağı-dəst mebel (iki nəfərlik çarpayı, şkaf, kamod, sandıq); uşaq otağı-2 ədəd çarpayı, şkaf, yazı stolu; mətbəx-mətbəx mebeli. Özünə və uşaqlara məxsus olan bu əşyalardan istifadədən məhrum olmuşlar. Hesab edir ki, mənəvi zərər kimi cavabdehdən onun xeyrinə 3000 manat məbləğində vəsait tutulmalıdır. Göründüyü kimi, cavabdeh keçmiş ailə üzvü olduğu və nikah pozulduqdan sonra yaşayış hüququnu itirdiyi halda, mənzildən qərəzli olaraq təkbaşına istifadə edir, mənzilin açarını dəyişməklə onu mənzilə buraxmır, həmçinin onun uşaqlarla kənarda yaşamasını təmin etmək üçün aliment də ödəmir. Digər tərəfdən, cavabdeh ali təhsilli mühəndisdir, son dövrlərə qədər ixtisası üzrə işləmişdir, onun valideynlərinin Lökbatan qəsəbəsində ikimərtəbəli evi vardır, ailə qurduqları dövrdə həmin evdə yaşamışlar, hazırda öz valideynləri də cavabdehi həmin mənzildə yaşamağa dəvət edir, lakin cavabdeh qərəzli olaraq mənzili tərk etmir. Göstərdiyi hallar bir daha təsdiq edir ki, tərəflərin birgə yaşaması mümkün olmadığından və cavabdeh mənzili uzun müddət qərəzli olaraq təkbaşına istifadə etdiyindən, onun yaşayış hüququnun saxlanması qeyri-mümkündür. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələblərinə etiraz edir. Belə ki, iddiaçıya hər hansı maddi və mənəvi ziyan vurmamışdır. İddiaçı sözügedən mənzildən 2020-ci ildə uşaqlarla birgə çıxıb getmişdir. O, iddiaçıya uşaqlarla gəlib mənzildə yaşamasını, özünün isə kirayəyə çıxacağını dəfələrlə bildirmişdir. Belə ki, nikah pozulduqdan sonra münasibətləri pisləşmiş, birgə yaşamaqları mümkün olmamışdır. İddiaçı uşaqlarla görüşməsinə mane olur, halbuki onun uşaqları görməkdən başqa dərdi yoxdur. Birgə nikah dövründə əldə olunan mənzili həqiqətən iddiaçıya bağışlamışdır, iddiaçının mülkiyyətçi olduğunu bilir, lakin hazırda başqa yaşayış yeri yoxdur. Lökbatan qəsəbəsində valideynlərinin ikimərtəbəli həyət evi vardır, əvvəllər orada yaşamışlar, lakin hazırda valideynləri qardaşı ilə yaşayır. Özü ali təhsilli mühəndisdir, alimentə görə həbs olunana qədər “Azəriqaz” və “Azərsu” təşkilatlarında işləmişdir, lakin hazırda işləmir. Yuxarıda qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 492756 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 09.06.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-100/2021 saylı, 02.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X4 arasında 09.06.2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, 25.03.2010-cu il təvəllüdlü X3 və 21.10.2016-cı il təvəllüdlü X5 iddiaçı X1 yanında və himayəsində saxlanılması, 25.03.2010-cu il təvəllüdlü X3 və 21.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə hər ay bir uşağa görə 140 (yüz qırx) manat, iki uşağa görə 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 28.01.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X7 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 39 saylı evin 28 saylı mənzilini Cavabdeh satmışdır. İş materiallarında olan 28.06.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 39 saylı evin 28 saylı mənzilini X2 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 39 saylı evin 28 saylı mənzili X1 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında **********4 nömrəsi ilə 11.07.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1020/2021 saylı, 11.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbsin tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarına və mülki iş üzrə yazılı sübutlara, o cümlədən 28.06.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə və Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.07.2019-cu il tarixli çıxarışa əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 39 saylı evin 28 saylı mənzili iddiaçı X1 mülkiyyətindədir. Cavabdeh könüllü surətdə bağışlama müqaviləsi əsasında həmin mənzil üzərində paylı mülkiyyət hüququnu itirmişdir, ona görə də mənzilin hazırda yeganə mülkiyyətçisi iddiaçıdır. Tərəflər arasında nikah 2021-ci ildə pozulmuşdur, lakin 2020-ci ildən mənzil cavabdehin sahibliyində və istifadəsindədir, hər iki tərəf birgə yaşamaqlarının mümkün olmadığını qeyd edir, həmçinin cavabdeh aliment öhdəliklərini də yerinə yetirmir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin izahatlarında qeyd etdiyi bütün hallar, onların qarşılıqlı münasibəti və birgə yaşayışlarının mümkün olmaması, cavabdehin peşəsi, əmək qabiliyyətli olması, yaşayış və iş imkanı, mövcud vəziyyətdə aliment öhdəliklərini yerinə yetirməyən keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanmasının hüquqdan sui-istifadə xarakteri daşıyacağı, bununla da hüquq münasibətinin iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməyəcəyi nəzərə alınaraq, yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ saxlanmadan cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması qanuni və əsaslı hesab olunmalı, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22.01.2015-ci il tarixli Qərardadına əsasən, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətini müəyyən edərkən işin faktiki halları araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş hallarının araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Buna baxmayaraq, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının 2000 manat maddi zərərə məruz qalması barədə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, maddi zərər hissəsində iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin edilməməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 39, 28 saylı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver