Məhkəmə qərarları › İş №2(002)-654/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-654/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-654/2021 12.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü Ömərov İsmayıl Valeh oğlunun və xx.xx.2006-cı il təvəllüdlü Ömərova Ayla Valeh qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Ömərov İsmayıl Valeh oğlu və xx.xx.2006-cı il təvəllüdlü Ömərova Ayla Valeh qızı adında iki uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-93/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Ömərova Xəyalə Adıgözəl qızı arasında bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü Ömərov İsmayıl Valeh oğlunun və xx.xx.2006-cı il təvəllüdlü Ömərova Ayla Valeh qızının iddaçı Ömərova Xəyalə Adıgözəl qızının himayəsində saxlanılması qət edilmişdir. Nikahları məhkəmə qaydasında pozularkən uşaqların saxlanması üçün valideynləri maddi yardım göstərdiyindən cavabdehdən aliment tələb etməmişdir. Artıq 4 aya yaxındır ki, valideynlərindən heç bir maddi yardım ala bilmir və cavabdeh uşaqların saxlanması üçün hər hansı maddi köməklik göstərmir. Özü işləyir, aylıq gəliri təxminən 300-400 manat olur, aylıq 200 manat kirayə pulu ödəyir. Cavabdehin maddi vəziyyətini nəzərə alaraq, uşaqların saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında bildirdi ki, o, hazırda iddia tələbini qismən qəbul edir, maddi imkanı olmadığına görə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat alimentin tutulmasına qəti etiraz edir, ondan hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Belə ki, bəzən qeyri-rəsmi fəhlə işləyir, daimi işi yoxdur, aylıq qazancı olduqca azdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ No 349934 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Ömərova Xəyalə Adıgözəl qızı arasında bağlanmış nikahın pozulması xx xxxxxx 2020-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan AZE No 12252380 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ömərov İsmayıl Valeh oğlu xx xxxxxx 2005-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası Ömərova Xəyalədir. İş materiallarında olan AZE No 12252418 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ömərova Ayla Valeh qızı xx xxxxxx 2006-cı il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası Ömərova Xəyalədir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-93/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Ömərova Xəyalə Adıgözəl qızı arasında bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü Ömərov İsmayıl Valeh oğlunun və xx.xx.2006-cı il təvəllüdlü Ömərova Ayla Valeh qızının iddaçı Ömərova Xəyalə Adıgözəl qızının himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin qarşılıqlı razılığı, uşaqların yaşı, mənafeyi, faktiki analarının yanında yaşamaları, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqları, eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, tərəflərin izahatlarında qeyd olunan hallar nəzərə alınaraq, iddia qismən təmin edilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixindən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü Ömərov İsmayıl Valeh oğlunun və xx.xx.2006-cı il təvəllüdlü Ömərova Ayla Valeh qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar