Məhkəmə qərarları › İş №2(002)-919/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-919/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-919/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 azyaşlı uşaqları 2008-ci il təvəllüdlü X1 ilə birlikdə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 1 saylı evin, 32 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 1 saylı evin, 32 saylı mənzili xx xxxxxxx 2013-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır.Həmin mənzil xx.xx.2013-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər evin köhnə sakinləridir və mənzili satarkən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdülər. Lakin bu günə kimi ona məxsus mənzildə mənzilin köhnə sakinləri olan cavabdehlər qeydiyyatdadırlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər Muradov Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX №0270430 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev1,32 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən 1952 nömrəli reyestr kitabının 180181 nömrəli vərəqində qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 8 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2013-ci il tarixdə bağlanmış № 010.01.BRTEK.AİM01 saylı alqısatqı və ipoteka müqaviləsinin surətindən görünür ki Xaitova Təranə Çariyevna qızı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 1, 32 saylı mənzili İddiaçı satmışdır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli 1076 nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 1, 32 saylı mənzildə qeydiyyatdadırlar. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır və həmin evdə yaşamırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamaması işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməli, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin satıcı alqı-satqı müqaviləyə görə qeydiyyatdan çıxmağı öhdələrinə götürsə də qeydiyyatdan çıxmamışdır. Cavabdehlər mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüququnu itirmişdir və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 43, 32 saylı mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 11 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 azyaşlı uşaqları 2008-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 1 saylı evin, 32 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar