Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-924/2021 17.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, cavabdeh ilə xx.xx.2017-ci il tarixdə faktiki nikaha daxil olmuş, həmin faktiki nikahdan xx.xx.2017-ci il tarixdə Yusif adında bir uşaqları doğulmuşdur. Həmin vaxt cavabdehlə nikahları olmadığına görə uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. O, cavabdehlə birgə yaşamaqla ümumi təsərrüfat aparmış, uşaq doğulandan sonra cavabdeh bir ata kimi uşağın qayğısına qalmışdır. Lakin sonradan cavabdehin ona qarşı münasibəti dəyişməklə onlar ayrılmışlar. Atalığın müəyyən edilməsi tələbi barədə iddia qaldıran zaman cavabdehlə barışmış, cavabdeh atalığı könüllü etiraf etmişdir. Lakin hazırda yenidən münasibətləri pozulmuşdur, cavabdeh könüllü olaraq uşağına kömək etmək istəmir. Halbuki, cavabdeh mağazada işləməklə müəyyən gəlirə malikdir. Uşağı körpə olduğundan özü işləmir və uşağı tək saxlamaqda çətinlik çəkir, uşağın tələbatının ödənilməsi üçün maddi yardıma ehtiyacı vardır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 103 saylı arayışdan görünür ki, İddiaçı Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 23 ünvanında yaşayır. İş materiallarında olan AZ-İV seriyalı, 542036 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ələsgərli Yusifin atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə görə, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, uşağın yaşı, mənafeyi, onun faktiki anasının yanında yaşaması və minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, 2021-ci il üçün uşaqlara görə yaşayış minimumu norması, iddiaçının işləməməsi, əmək qabiliyyətli cavabdehin gəlirləri barədə konkret sübutların təqdim edilməməsi nəzərə alınaraq, iddia təmin edilməli, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2021-ci il tarixindən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-924/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-924/2021
17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver