Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-96/2023 05.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Avtandil qızına qarşı “əmlak üzərində payların müəyyən edilməsi, əmlakın natural qaydada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib qaydada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Avtandil qızına qarşı “əmlakın natural qaydada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib qaydada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin aralarında natural qaydada bölünməsi, bu mümkün olmadığı təqdirdə isə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylarına mütənasib formada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində 1/2 hissədə payının müəyyən edilməsi, həmin payın natural qaydada bölünməsi, bu payın bölünməsi mümkün olmadıqda həmin torpağın açıq hərraca çıxarılması və satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən torpaq sahəsini cavabdehlə birgə nikah dövründə əldə etmişlər. Həmin toraq sahəsi 0,03 hektardan ibarətdir. Cavabdehlə 06 iyun 2004-cü il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2021-ci il tarixdə nikahlarının pozulması barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə çıxarılmaqla, nikahlarının pozulması 22 iyun 2021-ci il tarixdə qeydə alınmışdır. O, dəfələrlə cavabdehlə aralarında olan torpaq sahəsinin bölünməsi barədə həm şifahi, həm də rəsmi məlumat göndərsə də, cavabdeh onun təkliflərinə heç bir cavab verməmişdir. Hazırda cavabdeh ona birgə mülkiyyətlərindən istifadə etməsinə razılıq vermədiyindən, öz mülkiyyətindən istifadə edə bilmir və bununla da mülkiyyət hüquqları pozulur. Cavabdehlə artıq münasibətləri və birgə yaşamaları mümkün deyil, buna əsasən hazırda cavabdehlə aralarında torpaq sahəsinə dair paylarının müəyyən edilmiş qaydada bölünməsi, bu mümkün olmadıqda isə həmin evin açıq hərracda satılaraq hər bir kəsin payına mütənasib qaydada əldə olunmuş pulun bölünməsini istəyir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehdən kompensasiya tələb etmir. 12 oktyabr 2022-ci il tarixli ərizəsində formalaşdırdığı iddia tələbini müdafiə edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Avtandil qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya ətraflı şəkildə tərtib edilmiş cavab məktubu, təqdim olunmuş alğı-satqı müqavilələri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü sənədi, nikahın pozulmasına dair şəhadətnamənin surəti və s.) görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflər birgə nikah dövründə, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,03 ha torpaq sahəsini əldə etmişlər. Torpaq sahəsinə dair alğı-satqı müqaviləsi keçmiş mülkiyyətçi X1 ilə alıcı Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2013-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Tərəflərin münasibətləri pisləşdiyindən, nikahları Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, Qaradağ rayon Qeydiyyat şöbəsində nikaha 07 iyul 2021-ci il tarixdə xitam verilmiş, bu barədə 22 iyul 2021-ci il tarixdə 166 saylı akt qeydi edilmiş, tərəflərə nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 iyun 2022-ci il tarixli, MŞG/1-02529 saylı arayışdan görünür ki, cavabdeh 10 gün öncədən məlumatlandırılmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə saat 16:30-a təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 52 manat mediasiya xərcini ödəmişdir. Göründüyü kimi, tərəflər aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədiklərindən, iddiaçı öncə mediatora, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Təqdim olunmuş sənədlərdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi tərəflərin birgə nikahda olduqları dövrdə alınmışdır və onların ümumi mülkiyyəti hesab olunur. Həmin torpaq sahəsi üzərində tərəflərin payları bərabər olmaqla müəyyən edilməlidir. Məhkəmə tərəfindən işə tam və obyektiv baxılması üçün ekspertiza təyin edilərək, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli, 10/7112 saylı ekspert rəyindən görünür ki, ünvanın qapısı bağlı olduğu üçün tədqiqat obyektinə baxış keçirmək mümkün olmamışdır. Bu səbəbdən də 1, 2 və 3-cü suallar üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 40.800 manat məbləğində, likvid qiyməti 10 % azalma tətbiq edilməklə təxminən 37.000 manat müəyyən edilir (tədqiqatın 4 və 5-ci sualları üzrə). Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/3657 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən, mübahisə predmeti olan 0,03 ha torpaq sahəsinin naturada 1/2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, əmlakın naturada 1/2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair) görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırki mülki iş üzrə iddiaçı torpaq sahəsinin onun payına düşən 1/2 hissəsinin dəyərini cavabdehdən tələb etmir. Məhkəməyə təqdim etdiyi 05 sentyabr 2023-cü il tarixli ərizədə göstərdiyi kimi, özünə düşən paya uyğun olaraq kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsini istəmir. Bu səbəbdən, iddia qismən təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu və 52 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində İddiaçı 1/2, Cavabdeh Avtandil qızının 1/2 hissədə payları müəyyən edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu və 52 manat mediasiya xərci tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 170 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində İddiaçı 1/2, Cavabdeh Avtandil qızının 1/2 hissədə payları müəyyən edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 52 manat mediasiya xərci İddiaçı aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 170 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-96/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-96/2023
05.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver