Məhkəmə qərarları › İş №2(003)-1015/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1015/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1015/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə 26 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 15 iyul 2015-ci il təvəllüdlü X5 və 14 mart 2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onlar qısa müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdeh ilə ailədə münasibətləri pozulmuşdur. Onunla xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya heç bir köməklik göstərmir. Ona görə də cavabdehdən iki azyaşlı uşaqlarının saxlanması üçün onun xeyrinə hər ay sabit pul məbləğində hər ay sabit pul məbləğində hər uşağa 175,0 manat olmaqla cəmi 350,0 manat alimentin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əri faktiki olaraq onlarla yaşamır. Cavabdeh hazırda Quba şəhərində valideyinlərinin yanındadır. Onlara hər-hansı maddi yardım etmir. Hal-hazırda özüdə işləmir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinəəsasən işə onun iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu X1 ilə 26 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1593 nömrəli qeydiyyat aparılmış, ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh oğlu və anası İddiaçı olan 15 iyul 2015-ci il təvəllüdlü X5 və 14 mart 2017-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatları portal çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 26 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 15 iyul 2015-ci il təvəllüdlü X5 və 14 mart 2017-ci il təvəllüdlü X6 doğulmuşdur. İddiaçının cavabdehlə ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Hazırda uşaqlar iddiaçının himayəsindədir. Tərəflər hazırda ayrı yaşayırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldıqlarından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 120,0 manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 19.01.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 19 yanvar 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 15 iyul 2015-ci il təvəllüdlü X2 və 14 mart 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120,0 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar