Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1902/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1718,31 manat məbləğində kredit borcu, 217,31 manat məbləğində faiz borcu və 390,04 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2325 məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 26.02.2020-ci il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 01.07.2020-ci 1l tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 281,69 manat ödəniş etmiş və onun iddiaçıya 1718,31 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 15.02.2021-ci il tarixli 227 gün üçün hesablanmış faiz borcu 217,45 manat həmin tarixə kredit müqaviləsi üzrə hesablanmış cərimə 390,04 manat təşkil edir. Daha sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlnamış 26.02.2020-ci il tarixli, 021A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1718,31 manat məbləğində kredit borcu, 217,31 manat məbləğində faiz borcu və 390,04 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2325 məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştiakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.02.2020-ci il tarixli 021A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı QSC arasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 23 % olmaqla, ödəniş planı üzrə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit verilməsi barədə köçürmə qəbzindən görünür ki, kredit razılaşması üzrə 2000 manat bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh həmin pulu götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 26.02.2020-ci il tarixli 021A********** kredit razılaşması üzrə 26.02.2020-ci il tarixə əsas borcu 1718,31 manat, faiz üzrə 217,45 manat, cərimə üzrə borcu 390,04 manat təşkil edir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 26.02.2020-ci il tarixli kredit razılaşması üzrə 1718,31 manat əsas, 217,45 manat faiz borcu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 26.02.2020-ci il tarixli kredit razılaşması üzrə 1718,31 manat əsas borca münasibətdə cavabdehdən 390,04 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği 26.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 39 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 26.02.2020-ci il tarixli kredit razılaşması üzrə 1718,31 manat əsas, 217,31 manat faiz borcu, 39 manat məbləğində cərimə borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçının iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 26.02.2020ci il tarixli 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməklə, tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belkəliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1718,31 manat əsas, 217,31 manat faiz borcu, 39 manat məbləğində cərimə borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 26.02.2020-ci il tarixli 021A********** saylı kredit müqaviləsi ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1718,31 manat əsas, 217,31 manat faiz borcu, 39 manat məbləğində cərimə borcu olmaqla cəmi 1974,62 manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 26.02.2020-ci il tarixli 021A********** saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1902/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1902/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver