Məhkəmə qərarları › İş №2(003)-263/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-263/2021

23.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-263/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs Qəyyumluqvə Himayəçilik Komissiyasının nümayəndəsi Əhmədov Rövşən Rafiq oğlunun iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il təvəllüdlü qızı X7 “uşaq serebral iflici, qıcolma sindromu” diaqnozu ilə anadangəlmə əlildir. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir və başqasının qulluğuna ehtiyacı vardır. Ona görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi məhkəmə iclasında xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi, izahatında əlavə olaraq bildirdi ki, qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, ona qızı üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Əhmədov Rövşən Rafiq oğlu ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası isə X2r. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxs tərəfindən X4 yüngül əqli gerilik F70 spastik uşaq serebral xəstəlik iflic G80.0 diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli 2434 saylı rəyindən görünür ki, X3 orta kəmağıllıq davranış pozuntuları ilə uşaq serebral iflic fonunda aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X7 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar