Məhkəmə qərarları › İş №2(003)-295/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-295/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-295/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2116,80 manat məbləğində əsas borcun, pozulmuş hüquqların bərpası ilə bağlı cəkilən 300 manat xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2446,20 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AKX- 00112xx/xx-2018 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satış Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, 1802AZ**********27 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağlda göstərikən akt tərtib edilmişdir: xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 10584 m2, dəyəri 2116,80 manat müəyyən edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 2116,80 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Mülki işin materialarından görünüdüyü kimi İddiaçı tərəfindən abonentə xx.xx.2018ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda abonentin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə olmuş və nəticədə qaz itkisi yaranmışdır. Aktda abonentin aktı imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İşin hallarından da görünür ki, qaz sayğacı mənzildən kənarda yerləşdirildiyindən cavabdehlik qaz paylayıcısının üzərinə düşür. İşin faktiki hallarından görünür ki, iddiaçının iddia etdiyi qaz sayğacına cavabdeh tərəfindən müdaxilə olması sübuta yetirilmir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən kənar müdaxilə etməklə təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin təbii qazdan istifadəyə görə 2116,80 manat məbləğində borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh qarşı “Təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi”nə dair iddia tələbi əsassız sayılmalı və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 2116,80 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2446,20 manat borcun İddiaçı xeyrinə tutulması barədə iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar