Məhkəmə qərarları › İş №2(003)-417/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-417/2020

06.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-417/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) kommersiya məhkəmələri baxır. Məhkəmə işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini, həmçinin cavabdeh tərəfin hüquqi şəxs olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iqtisadi mübahisələr iştirakçısı istər fərdi sahibkarlar, istərsə də dövlət olan, təsərrüfat (iqtisadi) fəaliyyəti sahəsində yaranan hüquqi mübahisələrdir. Hazırkı mübahisədə məhz təsərrüfat (iqtisadi) fəaliyyəti sahəsində yaranan mübahisə mahiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24-26, 32 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ İddiaçı Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar