Məhkəmə qərarları › İş №2(003)-4398/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4398/2021

20.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4398/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməklə ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. 01.10.2021-ci il tarixdən qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməklə ləğv edilməsini xahiş etsə də, tələbinin əsası kimi həmin əqdi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd və öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etmədiyinə görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlar əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməklə ləğv edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar