Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-515/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Quliyeva Röyalə Elçin qızının nümayəndəsi və vəkili Şirinov Nəriman Canış oğlunun iştirakı ilə İddiaçı Quliyeva Röyalə Elçin qızının cavabdeh Quliyev Səbuhi Natiq oğluna qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quliyeva Röyalə Elçin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları 21 dekabr 2013-cü il təvəllüdlü Quluzadə Dəniz Səbuhi qızı, 23 sentyabr 2015-ci il təvəllüdlü Quluzadə Sunay Səbuhi qızı və 08 avqust 2020-ci il təvəllüdlü Quluzadə Tuncay Səbuhi oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər bir uşağa görə hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin cavabdeh Quluyev Səbuhi Natiq oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, cavabdeh Quluyev Səbuhi Natiq oğlu ilə 06 iyul 2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və nikahları 816 sayla qeydə alınmışdır. Nikaha daxil olduqaları vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Cavabdehlə birgə nikahlarından 21 dekabr 2013-cü il təvəllüdlü Quluzadə Dəniz Səbuhi qızı, 23 sentyabr 2015-ci il təvəllüdlü Quluzadə Sunay Səbuhi qızı və 08 avqust 2020-ci il təvəllüdlü Quluzadə Tuncay Səbuhi oğlu adlı üç övladları doğulmuşdur. Cavabdehlə birgə nikahda olduqları dövrdə münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri üzündən münasibətləri pozulmuşdur. O, son zamanlar evə gec-gec gəlir, bir həyat yoldaşı kimi onu saymır və uşaqlarına qayğı göstərmirdi. Üç azyaşlı uşağı saxlamaqda çətinlik çəkir. Demək olar ki, cavabdeh son zamanlar uşaqların saxlanması üçün ona heç bir köməklik göstərmirdi. Ona irad tutanda əsəblənir, onu təhqir edir və onu boşayacağı ilə hədələyirdi. Onun bu hərəkətlərinə dözməyib, sonda azyaşlı uşaqlarını da özü ilə götürüb, 26 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 29 saylı yataqxanada yaşayan valideynlərinin yanına gəlməli oldu. Hazırda üç azyaşlı uşağı ilə onların yanında yaşayır. Cavabdeh onun telefon zənglərinə cavab vermir və uşaqların saxlanması üçün heç bir qayğı göstərmir. Uşaqlarım azyaşlı olduqları üçün onun özü də heç bir yerdə işləyə bilmir. Məhkəmə iclasında iddiaçı Quliyeva Röyalə Elçin qızının nümayəndəsi və vəkili Şirinov Nəriman Canış oğlu iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbrədar edilməsinə baxmayaraq, cavabdeh Quliyev Səbuhi Natiq oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 16.09.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quluzadə Tuncay Səbuhi oğlu 08.08.2020ci il tarixdə doğulmuşdur. Onun atası Quliyev Səbuhi Natiq oğlu, anası Quliyeva Röyalə Elçin qızıdır. İş materiallarında olan Bərdə rayon Mirzəxan-Qaraqqoyunlu kənd icra nümayəndəliyi tərəfindən 22.10.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quluzadə Sunay Səbuhi qızı 23.09.2015-ci il tarixdə doğulmuşdur. Onun atası Quliyev Səbuhi Natiq oğlu, anası Quliyeva Röyalə Elçin qızıdır. İş materiallarında olan Bərdə rayon Mirzəxan-Qaraqqoyunlu kənd icra nümayəndəliyi tərəfindən 27.01.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quluzadə Dəniz Səbuhi oğlu 21.12.2013-cü il tarixdə doğulmuşdur. Onun atası Quliyev Səbuhi Natiq oğlu, anası Quliyeva Röyalə Elçin qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, ananın hazırda işləməməsini və lakin eyni zamanda hazırda iki uşağın da atalarının yanında qalmasını nəzərə alaraq hesab edir ki, 21 dekabr 2013-cü il təvəllüdlü Quluzadə Dəniz Səbuhi qızı, 23 sentyabr 2015-ci il təvəllüdlü Quluzadə Sunay Səbuhi qızı və 08 avqust 2020-ci il təvəllüdlü Quluzadə Tuncay Səbuhi oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat miqdarında alimentin məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə 30.10.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 30.10.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21 dekabr 2013-cü il təvəllüdlü Quluzadə Dəniz Səbuhi qızı, 23 sentyabr 2015-ci il təvəllüdlü Quluzadə Sunay Səbuhi qızı və 08 avqust 2020-ci il təvəllüdlü Quluzadə Tuncay Səbuhi oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 30.10.2020-ci il tarixdən hesablanmaqla cavabdeh Quliyev Səbuhi Natiq oğlundan hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Quliyeva Röyalə Elçin qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21 dekabr 2013-cü il təvəllüdlü Quluzadə Dəniz Səbuhi qızı, 23 sentyabr 2015-ci il təvəllüdlü Quluzadə Sunay Səbuhi qızı və 08 avqust 2020-ci il təvəllüdlü Quluzadə Tuncay Səbuhi oğlunun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 30.10.2020-ci il tarixdən hesablanmaqla cavabdeh Quliyev Səbuhi Natiq oğlundan hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Quliyeva Röyalə Elçin qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Quliyev Səbuhi Natiq oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-515/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-515/2021
17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver