Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-596/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Nurullayeva Könül Vaqif qızının iştirakı ilə Ərizəçi Xeyriyyə Cəmiyyətinin doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Ərizəçi Xeyriyyə Cəmiyyəti doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nurullayeva Könül Vaqif qızı ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, Ərizəçi Xeyriyyə Cəmiyyəti xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Nizamnamə əsasında fəaliyyət göstərərək kimsəsiz uşaqları mövcud normativ sənədlərin tələblərinə uyğun olaraq himayə altına almaqla, dövlət orqanlarında, siyasi və ictimai təşkilatlarda öz üzvlərinin qanuni mənafelərini təmsil edir və qorumaq vəzifələrini icra edir. Cəmiyyətin himayəsində olan Cəlal Mənsimov 2018-ci ildə sığınacağa yerləşdirilmiş, orada hər bir ehtiyacı ödənilmişdir. Sığınacağa yerləşdiriləndə uşağın heç bir sənədi olmamış, yaşı dəqiq bilinmir. Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair verilmiş rəyə görə Cəlal Mənsimovun yaşının 6 yaşa uyğun olması müəyyən edilmişdir. Sığınacaqda yaşadığı müddət ərzində cəmiyyət tərəfindən araşdırma aparılmasına baxmayaraq, ona məxsus sənədlərin tapılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq Cəlal Mənsimovun doğum faktının müəyyən edilərək müvafiq şəhadətnamənin alınması məqsədi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən, Cəlal Mənsimovun doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, uşağın doğma babasıdır. Cəlal xx.xx.2011-ci ildə anadan olmuşdur. Uşağın şəxsiyyətini təsdiq edən sənədləri yoxdur. İş üzrə maraqlı şəxs, Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan arayışdan görünür ki, 6-6.5 yaşlı Cəlal Mənsimov xx.xx.2019-cu il tarixdən «Ərizəçi” uşaq sığınacağında yaşayır. İşə əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli rəyə görə Cəlal Mənsimovun məhkəmətibbi və rentgenoloji müayinəsinə əsasən onun sümük yaşı 6-6.5 ilə uyğun gəlir. İş materiallarına əlavə edilmiş uşaq haqqında məlumat vərəqəsindən görünür ki, Mənsimov Cəlal təxminən 5 yaşlarında xx.xx.2019-cu il tarixdə sığınacağa verilmişdir. Atası və anası barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.4-cü maddəsində göstərilir ki, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinin tələbinə görə, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin olunaraq Cəlal Mənsimovun xx xxx 2011-ci il tarixdə doğulması faktı müəyyən edilməli, doğulduğu yer Bakı şəhəri qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: Ərizə təmin edilsin. Cəlal Mənsimovun xx xxx 2011-ci il tarixdə doğulması faktı müəyyən edilsin. Doğum akt qeydində doğulduğu yer Bakı şəhəri qeyd edilsin. Bu qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum qeydə alınaraq, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-596/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-596/2021
17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver