Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-852/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mehdiyev Ruslan Vahub oğluna qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdeh Mehdiyev Ruslan Vahub oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mehdiyev Ruslan Vahub oğlundan 19.08.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməklə cavabdeh Mehdiyev Ruslan Vahab oğlundan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2128,92 manat əsas borc, 262,07 manat faiz borcu olmaqla ümumilikdə cəmi 2390,99 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mehdiyev Ruslan Vahub oğluna şəxsi (istehlak) məqsədləri üçün 24 ( iyirmi dörd ) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 (üç min) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Mehdiyev Ruslan Vahub oğlu arasında 19.08.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən Mehdiyev Ruslan Vahub oğlunun 07.12.2020-ci il tarixinə əsas borcu 2128.92 (iki min yüz iyirmi səkkiz manat 92 qəpik) manat əsas, 262.07 (iki yüz altmış iki manat 07 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Mehdiyev Ruslan Vahub oğlu götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, 19.08.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hazırda cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 2390.99 (iki min üç yüz doxsan manat 99 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 19.08.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən cavabdeh Mehdiyev Ruslan Vahub oğluna 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 19.08.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə Mehdiyev Ruslan Vahub oğlunun iddiaçıya 2128,92 manat əsas, 262,07 manat faiz borcu, cəmi 2390,99 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Mehdiyev Ruslan Vahab oğlundan 2128,92 manat əsas, 262,07 manat faiz borcu olmaqla cəmi 2390,99 manat məbləğində borc alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddiaçının iddia tələbinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Mehdiyev Ruslan Vahab oğlu arasında bağlanmış 19.08.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməklə, tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdeh Mehdiyev Ruslan Vahab oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Mehdiyev Ruslan Vahub oğlu arasında bağlanmış 19.08.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilsin. Mehdiyev Ruslan Vahub oğlundan 2128,92 manat əsas, 262,07 manat faiz borcu olmaqla, cəmi 2390,99 cərimə (yiki min üç yüz doxsan manat 99 qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-852/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-852/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver