Məhkəmə qərarları › İş №2(004)-1/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavabdeh2 MMM-in nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMM-ə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMM və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2015-ci il tarixdə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, KK 107/K-11 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 2477,37 ABŞ dolları əsas, 3169,19 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 5846,56 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında görünür ki, idiaçının nümayəndəsinin ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2862/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Daha sonra, Cavabdeh2 MMM-in xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6686/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla təmin edilərək məhkəmənin mülki iş üzrə qəbul edilmiş 2(004)- 2862/2015 saylı, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və icraat təzələnərək işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İş materiallarında olan iddia ərizəsindən müəyyən edilir ki, tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, KK 107/K-11 saylı kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə 12 ay müddətinə illik 20 %, 121 gündən sonra isə 26% dərəcəsi ilə ödəmək şərtilə 2.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 MMM ilə bank arasında xx.xx.2011-ci il tarixli, KK 107/K-11 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.4-cü bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2015-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2862/2015 saylı, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ilə tutulan məbləğin hazırda da hər iki cavabdehdən tutulmasını tələb edir. Verilmiş suallara əsasən o, bildirir ki, kredit müqaviləsinin müddəti xx.xx.2012-ci ildə bitmişdir. Zaminə qarşı iddia tələbi irəli sürmə müddəti müqavilənin bitmə tarixindən 1 il müddətində nəzərdə tutulmuşdur. Zaminə qarşı niyə iddia tələbi verildiyini əsaslandıra bilmir. Əlavə olaraq bildirir ki, iddia tələbinin zaminə münasibətdə təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İddianın tam təmin olunmasını xahiş edir. Yeni maliyyə arayışını məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMM-in nümayəndəsi Nümayəndə2 izahatında bildirir ki, kredit müqaviləsinin müddəti bitənədək zaminlik müqaviləsi qüvvədə olmuşdur. Kredit müqaviləsinin müddəti isə xx.xx.2012-ci ildə bitmişdir. Cavabdeh2 MMMin zamin kimi cavabdehlik daşıdığı xx.xx.2011-ci il tarixli müqavilə üzrə müddət keçdiyindən əlavə öhdəlik olaraq zaminliyə xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 MMM cavabdeh olaraq borcu ödəməli deyildir. İddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirir ki, borcdan ödənişlər etmişdir. Əvvəl də ödəniş etmişdir, son 4 ayda isə hər ay 50 ABŞ dolları məbləğində pul ödəmişdir. Faiz məbləği çoxdur. Həmçinin, borc ona aid olduğu üçün zaminliyə xitam verilməsini və iddianın qismən təmin olunmasını xahiş edir. O, öz borc öhdəliklərindən yayınmır, cərimə məbləğinin silinməsini və əsas borcdan etdiyi ödənişlər nəzərə alınmaqla iddianın ona münasibətdə tələbin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, KK 107/K- 11 saylı kredit müqaviləsinə əsasən müəyyən edilir ki, bank borcalana şəxsi istehlak məqsədləri üçün 12 ay müddətinə - xx.xx.2012-ci il tarixədək illik 20%, 121 gündən sonra isə 26% ödəmək şərtilə 2.500 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 MMM arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 107/K-Z-11 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMM bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2011-ci il tarixli, KK 107/K-11 saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 205 saylı maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.126,93 (bir min yüz iyirmi altı ABŞ dolları 93 sent) ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 818,82 (səkkiz yüz on səkkiz ABŞ dolları 82 sent) ABŞ dolları faiz və 200 (iki yüz) ABŞ dolları cərimə borcu vardır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2011-ci il tarixli, KK 107/K-11 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc, müqavilə müddəti ərzində hesablanmış faiz borcu yalnız borclu Cavabdeh1 tutulmalıdır. Belə ki, hazırda kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti 2012-ci il tarixdə qurtardığından, kreditor İddiaçı ASC tərəfindən isə məhkəməyə xx.xx.2015-ci il tarixdə iddia ərizəsi ilə müraciət edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zamin Cavabdeh2 MMM-nin zaminliyinə xitam verilməlidir. Belə ki, zaminə qarşı iddia tələbi ilə müqavilə müddəti qurtardığı gündən 01 il ərzində müraciət edilməlidir. Zaminlik müqaviləsinin müddəti bitmişdir. Lakin kreditor İddiaçı ASC məhkəməyə iddia tələbi ilə müqavilənin müddəti qurtardığı gündən 02 il sonra müraciət edilmişdir. Odur ki, hazırda zamin Cavabdeh2 MMM müddət keçdiyindən borcun ödənilməsi üçün məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, zaminə münasibətdə öhdəliyə xitam verildiyindən iddia tələbi əsas borclu olan Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin edilməli və bank tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışı nəzərə alınmalıdır. Məhkəmə cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq əsas borcun 5% həcmində, yəni 56 ABŞ dolları məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1.126,93 ABŞ dolları əsas borc, 818,82 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2.001,75 (iki min bir ABŞ dolları yetmiş beş sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı; İddiaçı ASC ilə Cavabdeh2 MMM arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 107/K-Z-11 nömrəli zaminlik müqaviləsinə və həmin müqavilə üzrə Cavabdeh2 MMM-in zaminliyinə xitam verilməli; iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 1.126,93 ABŞ dolları əsas borc, 818,82 ABŞ dolları faiz borcu, 56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2.001,75 (iki min bir ABŞ dolları yetmiş beş sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh2 MMM arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 107/K- Z-11 nömrəli zaminlik müqaviləsinə və həmin müqavilə üzrə Cavabdeh2 MMM-in zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar