Məhkəmə qərarları › İş №2(004)-2911/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2911/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əməl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2911/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X7 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Gəncə filialı tərəfindən onun adına qeyri-qanuni sənədləşdirilmiş 9850 manat və 3450 manat dəyərində kredit müqavilələrinin ləğv olunması və dəymiş 10.000 manat dəyərində mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Gəncə filialına kredit götürmək üçün müraciət etmiş, bankda ona başqa bankda iki krediti, biri 9850 manat, o biri isə 3450 manat olmaqla iki kreditinin olduğu bildirilmişdir. Heç zaman bu məbləğdə bankdan pul götürmədiyini bildirməsinə baxmayaraq, ona kredit verilməmişdir. Hansı bankda krediti olduğunu aydınlaşdırarkən, müəyyən etmişdir ki, Cavabdeh ASC-nin Gəncə filialından adına guya 9850 manat və 3450 manat kredit verilməsi barədə müqavilələr vardır. 22.01.2021-ci il tarixdə bankın Gəncə filialının direktoru Zeynalov onun müraciətinə cavab olaraq bildirmişdir ki, bu barədə araşdırma aparılır. Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir. Cavabdeh 05.02.2021-ci il tarixdə prokurorluğun sorğusuna cavab verərək bildirmişdir ki, texniki xəta aradan qaldırılmış, borc alan barədə məlumatlar səhv getmişdir. Hüquqları bank tərəfindən pozulduğu üçün bu iki il müddətində dəymiş ziyan bank tərəfindən ödənilməli və kredit müqavilələri ləğv edilməlidir. Kredit müqaviləsinin ləğv olunması, mənəvi ziyana görə təzminatın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında borc alan barədə məlumatların səhv getdiyini, hazırda texniki xətanın aradan qaldırıldığını göstərmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 739, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Azərbaycan Kredit Bürosunun Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı 30.09.2019-cu il tarixdə 9850 manat, 19.12.2019-cu il tarixdə 3450 manat məbləğində kreditin verilməsi barədə məlumatlar reyestrdə əks olunmuşdur. "Cavabdeh" ASC-nin Gəncə şəhər prokurorluğunun 05.02.2021-ci il tarixli məktubuna 05.02.2021-ci il tarixli cavab məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh ASC-nin Gəncə filialından X3 adına heç bir kredit rəsmiləşdirilməmiş, onun adına heç bir kredit müqaviləsi olmamışdır. Texniki xəta üzündən Azərbaycan Kredit Bürosunun məlumat bazasına borcalanın məlumatları səhv getmişdir. Bu da AKB məlumat bazasında onun adında kredit olmasını göstərmişdir. X3 Cavabdeh ASC-yə müraciətindən sonra, bank tərəfindən AKByə müraciət olunmuş və texniki xəta aradan qaldırılmışdır. X5 məxsus ******* nömrəli hərbi biletə olunmuş xüsusi qeyddən görünür ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının 05.10.2020-ci il tarixli diaqnozuna əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün aparılan döyüşlərdə ürək nahiyəsindən və sağ diz nahiyəsindən qəlpə yaraları almışdır. Beləliklə, işin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ASC-nin Gəncə filialından X3 adına heç bir kredit rəsmiləşdirilməməsinə, onun adına heç bir kredit müqaviləsinin olmamasına baxmayaraq, cavabdeh bank tərəfindən iddiaçıya 30.09.2019-cu il tarixdə 9850 manat, 19.12.2019-cu il tarixdə 3450 manat məbləğində kreditin verilməsi barədə məlumatlar Azərbaycan Kredit Bürosunun reyestrində əks olunmuş, iddiaçının müvafiq müraciəti əsasında aparılmış araşdırma nəticəsində qeyd olunan hallar aradan qaldırılmışdır. Bununla yanaşı, cavabdeh bankın təqsiri üzündən digər banklar tərəfindən iddiaçının kreditin verilməsi barədə müraciətlərinə adına ödənilməmiş kredit öhdəliklərinin olması səbəbindən mənfi cavab verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında kredit götürülməsinə dair hər hansı bir kredit müqaviləsi bağlanması barədə razılaşma olmamış və müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, araşdırılmış sübutlarla tərəflər arasında kredit götürülməsinə dair hər hansı bir kredit müqaviləsinin bağlanması müəyyən edilmədiyindən, kredit müqavilənin ləğvi hissəsində iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdeh bankın təqsirli hərəkətləri nəticəsində digər banklar tərəfindən iddiaçının kreditin verilməsi barədə müraciətlərinə imtina edilməsi onun mənəvi iztirablar keçirməsinə səbəb olmuşdur. Odur ki, mənəvi ziyanın tutulması hissəsində iddia tələbi qismən təmin edilərək, Cavabdeh ASC-dən mənəvi zərərə görə 2000 manat məbləğində pul tutularaq, iddiaçı X3 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı X3 xeyrinə ödənilsin. İddia tələbi qalan hissəyə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən :Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar