Məhkəmə qərarları › İş №2(004)-3279/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3279/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3279/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 23.04.2021-ci ildə məhkəməyə müraciət edərək, onun qardaşı - 11.12.1969cu ildə Bakı şəhərində doğulmuş X2 03.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, 11.12.1969-cu ildə Bakı şəhərində doğulmuş X4 onun doğma qardaşıdır. X1 03.04.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda qaraciyər serrozu xəstəliyindən vəfat etmişdir. Qardaşının vəziyyəti pisləşdikdə təcili yardım çağırmışlar. Təcili yardımın həkimləri evə gələrək, qardaşını müayinə etmiş və artıq öldüyünü bildirmişlər. X3 Qusar şəhər qəbristanlığında dəfn etmişlər. Həmin qəbirsantlığın məsul işçisinin izahatını və qəbrin fotoşəkilini məhkəməyə təqdim etmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün 14 saylı poliklinikaya müraciət etsə də, vaxtı ötürdüklərinə görə blüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Daha sonra isə 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. BŞT və X5 Stansiyasının 13 nömrəli bölməsinin təcili tibbi yardım briqadasının həkimlərinin verdiyi 03.04.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqindən müəyyən edilir ki, təcili tibbi yardım briqadasının həkimləri 03.04.2021-ci il tarixdə saat 18:18-də ünvan 1 ünvanda gəldikdə 51 yaşlı X2 öldüyünü müəyyən etmişlər, kişi cinsli meyit aşkar olunduğunu vərəqədə qeyd etmişlər. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 20.04.2021-ci il tarixli 054104d75-15 nömrəli məktubu ilə X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Qusar rayon qəbristanlığında fəaliyyət göstərən “Cənnət” müəssisəsinin məsul işçisi Ramazanov Xanəli tərəfindən verilmiş 06.04.2021-ci il tarixli izahatdan müəyyən edilir ki, ünvan 1 ünvandan yaşamış X4 04.04.2021-ci ildə dəfn edilmişdir. İzahat “Cənnət” müəssisəsinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 11.12.1969-ci ildə Bakı şəhərində doğulmuş X4 və Ərizəçi doğma qardaşıdır. X4 03.04.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda vəfat etmişdir və 04.04.2021-ci il tarixdə Qusar şəhər qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.12.1969-ci ildə Bakı şəhərində doğulmuş X2 03.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamə verilməsi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar