Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3312/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı iddiaçının mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına xx.xx.2015-ci il tarixli, Seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmşdir. Cavabdehlərin xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı müraciət olunmuşdur. Müraciətin təmin edilməsindən imtina edilmiş, məhkəməyə müraciət hüququ izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iştirak edərək bildirmişdir ki, 1993-cü ildən mübahisəli mənzildə qeydiyyatdadır. Həmin mənzil iddiaçıya müvəqqəti verilmişdir. Özü və digər cavabdeh Rzayev X2 yaşayır, lakin qayıtdıqdan sonra həmin mənzildə yaşaya bilər. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 8 fevral 2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili qızı İddiaçı mülkiyyətinə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzil ilkin olaraq X1 mülkiyyətində olmuş, həmin mənzil 8 fevral 2015-ci il tarixli bağışlama müqaviləsi ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bununla bağlı RX seriya, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış İddiaçı verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda qeydiyyatdadırlar. Hazırda İddiaçı cavabdehlərin ünvan 2 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları ilə təsdiq olunur ki, cavabdehlər 33 ildən artıqdır ki, həmin ünvanda yaşamır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının qalmasını zəruri edən hər hansı bir hüquqi əsas müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehlərin mənzildə yaşamadığına baxmayaraq, onların mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə cavabdehlərin mübahisəli yaşayış evində yaşamamalarının səbəblərini araşdıraraq qeyd edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişlər. Cavabdehlərin uzun bir müddət ərzində iddiaçıya məxsus evdə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar deyil. Buna görə də cavabdehlərin iddiaçıya məxsus yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bundan başqa, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərindən, onların iddiaçıya məxsus evdə uzun müddət yaşamamaları müəyyən edildiyindən, onların həmin evdən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Həmin qərardan görünür ki, məhkəmənin gəlmiş olduğu qənaətə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 37 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3312/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3312/2025
01.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver