Məhkəmə qərarları › İş №2(004)-3370/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3370/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3370/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə 28.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.01.2017-ci il tarixli 2(004)-595/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 137 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, 02.02.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 30.07.2004-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 02.02.2005-ci il təvəllüdlü X2 adlı bir uşaqları var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.01.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə onun arasında bağlanmış nikahın pozulmuş, 02.02.2005-ci il təvəllüdlü X2 onun yanında saxlanmış və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh alimenti vaxtında ödəyir. Cavabdehin ödədiyi alimentlə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Hazırda uşağı üniverstetə hazırlaşdığı üçün təhsil xərclərini ödəməyə çətinlik çəkir. Bu səbəbdən alimentin miqdarının dəyişdirilməsini, cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ilə birgə nikahdan doğulmuş 02.02.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat ödəməyə razıdır. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.01.2017-ci il tarixli 2(004)-595/2017 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 30.07.2004-cü ildə tarixdə Bakı şəhəri Səadət Sarayında 1682 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 02.02.2005-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, 02.02.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 19.02.2005-ci il tarixli AZ-İ 586124 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X2 02.02.2005-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 175 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.01.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 137 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, 02.02.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.01.2017-ci il tarixli 2(004)-595/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 137 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, 02.02.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar