Məhkəmə qərarları › İş №2(004)-3531/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3531/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3531/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, Ərizəçi sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qaynanası X1 adına olan 14.11.1955-ci il tarixli 01887 saylı Orderdə onun soyadının “Salmina” əvəzinə “Salman”, adının isə “Anna”; 25.02.1988-ci il tarixli 396 saylı Ölüm haqqında arayışda “Nyura” adının “Anna” oxunmaqla eyni şəxsə məxsusluğu faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən verilmiş ərizə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 maddəsinin tələbinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi imzalanmamışdır. Bununla da, ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən MPM-in 149.1 maddəsinin tələbinə əməl edilməmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində maraqlı şəxsin (şəxslərin) əhatə dairəsi müəyyən edilməməklə, maraqlı şəxsin adı və poçt ünvanı qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin eyni məzmunlu ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5867/2020 saylı, 06.11.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi sənədin eyni şəxsə məxsus olması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar