Məhkəmə qərarları › İş №2(004)-3547/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3547/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3547/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 1704 manat, faiz borcuna görə 295 manat olmaqla, cəmi 1999 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında 17.03.2020-ci il tarixdə **********1114 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “FİNCA Azerbaijan” MM QBKT 2000 manat məbləğində pulu 18 ay müddətinə cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 17.03.2020-ci il tarixli kreditin ödəniş cədvəlinə əsasən görünür ki, cavabdeh 25.04.2020-ci il tarixdən başlayaraq 18 ay müddətinə sonuncu ay 135 manat olmaqla, hər ay 141 manat olmaq şərti ilə 2532 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 17.03.2020-ci il tarixli kredit kartının mədaxil aktına əsasən müəyyən olunur ki, cavabdeh **********1114 saylı kredit müqaviləsi üzrə **********355801 saylı kredit kartını təhvil almışdır. 17.03.2020-ci il tarixli **********1114 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 01.07.2020-ci il tarixli **********0433 saylı sazişə əsasən müəyyən olunur ki, müqavilədə dəyişikliklərin olunmasına dair razılıq əldə olunmuş, müqavilə üzrə sazişin imzalandığı tarixə əsas qalıq borc məbləği 1919 manat olaraq qəbul edilmiş, həmin məbləğin 20 ay müddətinə tamamilə ödənilməsi müəyyənləşdirilmişdir. Cavabdeh son ay 119 manat olmaq şərtilə hər ay 123 manat məbləğində pulu 25.07.2020-ci il tarixdən başlayaraq 20 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. 28.04.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin həmin tarixə olan borcu 1704 manat ödənilməmiş əsas borc, 337 manat faiz borcu olmaqla 2041 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 1704 manat, faiz borcuna görə 295 manat olmaqla, cəmi 1999 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmiş, borcunu vaxtında ödəməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 1704 manat, faiz borcuna görə 295 manat olmaqla, cəmi 1999 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar