Məhkəmə qərarları › İş №2(004)-4606/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4606/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4606/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dairiddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5862/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı mudafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda Hüseynin 4 yaşı, Həsənin 3 yaşı var. Ödənilən alimentin məbləği uşaqların tələbatlarını ödəməyə yetmir. Cavabdeh övladları ilə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti tam ödəmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hazırda işsiz olduğundan və maddi vəziyyəti çətin olduğundan müəyyən edilmiş aliment məbləğini tam ödəyə bilmir. Bu səbəbdən 170 manat aliment ödəməyə razı deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmətərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-5862/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 üç yaşı tamam olana qədər xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər uşağa görə hər ay 50 manat olmaqla, cəmi 100 manat aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay hər uşaq üçün 170 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafelərini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli,Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2016-cı il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Həsənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5862/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar