Məhkəmə qərarları › İş №2(004)-616/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-616/2021

17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-616/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə xx.xx.2020-ci il tarixədək hesablanmış 264 manat borcdan - mənzildə aylıq istifadə edilən suya görə hesablanan 8 manat çıxılmaqla, qalan 256 manat borcun ona məxsus **********920 nömrəli abunə kodundan silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, o, 2013-cü ildən Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə yaşayır və mənzilin mülkiyyətçisidir. Hər ay Cavabdeh ASC-nin təqdim etdiyi bildirişlərə əsasən sudan istifadə haqqını vaxtında ödəmişdir. Aylıq sudan istifadə haqqı 5-8 manat arasında olur. Sonuncu ödənişi 2020-ci ilin aprel ayı üçün xx.xx.2020-ci il tarixdə 5,50 manat ödəmişdir. xx.xx.2020-ci il tarixdə binanın həyətini süpürən qadın ona bildirmişdir ki, zirzəmidən su səsi gəlir. O, qonşusu Firudini gözləmiş və Firudin axşam işdən gələndən sonra zirzəminin qapısını açmış və onlar xx.xx.2020-ci il tarixdə saat 19-20 radələrində zirzəmiyə baxış keçirmişlər. Baxış zamanı müəyyən etmişlər ki, onun mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində boru partlamış və su yüksək təzyiqlə zirzəmiyə axır. Zirzəmidəki suyun həcmindən müəyyən edilirdi ki, boru bir neçə gün əvvəl partlamış və zirzəminin xeyli hissəsi su ilə dolmuşdur. O, təcili usta çağırmışdır. Usta ana xətdən suyu bağladıqdan sonra borunu təmir etmişdir. Zirzəmidəki suyun hündürlüyü çox olduğuna görə usta rezin çəkmə geyinərək zirzəmiyə girə bilmişdir. O, baş vermiş qəza barədə qonşuların və 24 saylı MKİS-in mühəndisinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib etmişlər. xx.xx.2020-ci il tarixdə növbəti dəfə sayğac oxunaraq bildiriş təqdim edildikdə aylıq borcun 264 manat olduğu göstərilmişdir. O, bildirişin üzərində olan ********** nömrəli mobil telefonla Şəhriyar Vəliyevlə əlaqə saxlamış və baş vermiş qəza barədə məlumat vermişdir. Sonradan xx.xx.2020-ci il tarixdə sayğac sökülərək laboratoriyaya aparılmış və müəyyən edilmişdir ki, sayğacdan hər hansı bir qüsur yoxdur, normal işləyir. Qəza aradan qalxandan sonrakı aylar üzrə də əvvəlki kimi 5-8 manat arası sudan istifadə haqqı hesablanmışdır. xx.xx.2020-ci il tarixdə rəsmi olaraq Cavabdeh ASC-yə ərizə ilə müraciət etmiş və baş vermiş qəza nəticəsində zirzəmiyə axan suya görə hesablanmış borcun onun hesabından silinməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə quraşdırılmış su sayğacından sonra baş vermiş qəza nəticəsində zirzəmiyə axan suya görə hesablanmış borcun silinməsi mümkün deyildir. Çünki, sayğac normal işləyir və faktiki olaraq həmin su sayğacdan keçərək zirzəmiyə axiışdır. Sayğacdan sonrakı xəttə cavabdehliyi abonent daşıyır. Məhkəmə qərarı olmadan Cavabdeh ASC həmin borcun silinməsini həyata keçirə bilmir. Bu səbəbdən idianın həllini məhkəmənin mülahizəsinə buraxır. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Cavabdeh ASC-də nəzarətçi vəzifəsində işləyir. Hər ayın 11-12-də İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilində sudan istifadəyə nəzarət edir və sayğaca baxış keçirir, sayğacın göstəricisini çıxararaq bildiriş verir. Aylıq sərfiyyat 7-10 manat arası olurdu. xx.xx.2020-ci il tarixdə sayğacı oxumuş və bildiriş çap etmişdir. Bildirişdə sudan istifadəyə görə bir ay üçün 264 manat olduğunu görmüş və təəccüblənmişdir. Sonra mənzilin sahibi onun telefonuna zəng edərək onu ünvana dəvət etmiş və bildirmişdir ki, bir ay üçün 264 manatlıq su işlədə bilməz. Zirzəmidə qəza baş verdiyi və suyun zirzəmiyə axması barədə ona məlumat vermişdir. Bundan sonra sayğac sökülərək, laboratoriyada yoxlanılmış və sayğacda qüsur olmadığı müəyyən edilmişdir. Növbəti aylarda yenidən sudan istifadəyə görə hesablanan məbləğ qaydasına düşmüşdür. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 104 nömrəli mənzilində yaşayır. İddiaçı onun qonşusudur və Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilində yaşayır. Fərhadın mənzili birinci mərtəbədə yerləşir. Həyəti süpürən qadın Fərhada bildirmişdir ki, zirzəmidən su səsi gəlir. O, xx.xx.2020-ci il tarixdə axşam işdən gələndə qonşusu Fərhad ona bu barədə məlumat vermiş və zirzəminin qapısını açmış və birlikdə zirzəmiyə düşərək baxış keçirmişlər. Baxış zamanı Fərhadın mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində borunun partladığını və suyun yüksək təzyiqlə zirzəmiyə axdığını görmüşlər. Bu barədə Cavabdeh ASC-nin qəza xidmətinə və 24 saylı MKİS-ə məlumat vermişlər. Lakin həmin gün Cavabdeh ASC-dən gələn olmadığı üçün qonşuda yaşayan Elçinə müraciət etmişlər. Elçin ana xətdən suyu bağlamış və borunu təmir etmişdir. Zirzəmidə süyun hündürlüyü 10-15 sm olardı. Bu barədə xx.xx.2020-ci il tarixdə qonşuların və 24 saylı MKİS-in mühəndisi Mikayıl Paşayevin iştirakı ilə akt tərtib edib imzalamışlar. Zirzəminin suyu bir neçə gündən sonra qurumağa başlamışdır. Fərhadın mənzilinə gedən su xətti sayğacdan sonra zirzəmidən keçərək mənzilinə daxil olur. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflərin izahatları, şahidlərin ifadələri, rəsmi sənədlər və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilində sudan istifadə haqqını hər ay Cavabdeh ASC-nin təqdim etdiyi bildirişlərə əsasən vaxtında ödəmişdir. Aylıq sudan istifadə haqqı 5-8 manat arasında olmuşdur. Sonuncu ödənişi 2020-ci ilin aprel ayı üçün xx.xx.2020-ci il tarixdə 5,50 manat ödəmişdir. xx.xx.2020-ci il tarixdə binanın həyətini süpürən qadın iddiaçıya binanın zirzəmisindən su səsi gəldiyini bildirmişdir. İddiaçı zirzəminin qapısının açarları olan qonşusu X3 işdən gəlməsini gözləmiş və axşam saat 19-20 radələrində birlikdə zirzəmiyə baxış keçirmişlər. Baxış zamanı müəyyən etmişlər ki, iddiaçının mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində boru partlamış və su yüksək təzyiqlə zirzəmiyə axır. Zirzəmidəki suyun həcmindən müəyyən edilmişdir ki, boru bir neçə gün əvvəl partlamış və zirzəminin xeyli hissəsi su ilə dolmuşdur. İddiaçı təcili usta çağırmış və ana xətdən suyu bağladıqdan sonra borunu təmir etdirmişdir. İddiaçı baş vermiş qəza barədə qonşuların və 24 saylı MKİS-in mühəndisinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib etmişdir. İddiaçı baş vermiş qəza ilə bağlı Cavabdeh ASC-yə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə növbəti dəfə sayğac oxunaraq bildiriş təqdim edildikdə iddiaçının aylıq borcunun 264 manat olduğu göstərilmişdir. İddiaçı bildirişin üzərində olan ********** nömrəli mobil telefonla nəzarətçi Şəhriyar Vəliyevlə əlaqə saxlamış və baş vermiş qəza barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus mənzildəki sayğac sökülərək laboratoriyaya aparılmış və müəyyən edilmişdir ki, sayğacdan hər hansı bir qüsur yoxdur, normal işləyir. Qəza aradan qalxandan sonrakı aylar üzrə də əvvəlki kimi 5-8 manat arası sudan istifadə haqqı hesablanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə rəsmi qaydada ərizə ilə Cavabdeh ASC-yə müraciət etmiş və baş vermiş qəza nəticəsində zirzəmiyə axan suya görə hesablanmış borcun onun hesabından silinməsini xahiş etsə də, borc silinməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə xx.xx.2020-ci il tarixədək 264 manat borc hesablanmışdır, iddiaçı qəzanın baş verməsində təqsirli deyildir və zirzəmiyə axan sudan istifadə etməmiş və qəzadan xəbər tutan kimi borunu təmir etdirmişdir. Sayğacın əvvəlki göstəricisi bərpa edilmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə xx.xx.2020-ci il tarixədək hesablanmış 264 manat borcdan - mənzildə aylıq istifadə edilən suya görə hesablanan 8 manat çıxılmaqla, qalan 256 manat borcun İddiaçı məxsus **********920 nömrəli abunə kodundan silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi 65 nömrəli evin 92 nömrəli mənzilinə gedən su xəttinə quraşdırılmış sayğacdan sonrakı hissədə zirzəmidən keçən hissəsində baş vermiş qəza nəticəsində suyun zirzəmiyə axmasına görə xx.xx.2020-ci il tarixədək hesablanmış 264 manat borcdan - mənzildə aylıq istifadə edilən suya görə hesablanan 8 manat çıxılmaqla, qalan 256 (iki yüz əlli altı) manat borcun İddiaçı məxsus **********920 nömrəli abunə kodundan silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar