Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-975/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə müraciət edərək ona 1000 manat kredit verilməsini xahiş etmişdir. Lakin, cavabdeh ona kredit verməkdən əsassız imtina etmişdir. Cavabdehin hərəkətləri iddiaçıda mənəvi, psixoloji sarsıntıya səbəb olmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı həm 2ci dərəcəli əlildir, həm də müharibə veteranıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsası qisminə aşağıdakı hüquq normaları çıxış edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsində müqavilələr azadlığı prinsipi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. “Prinsip” latın sözü olub “rəhbər, bağlanğıc müddəa” mənasını verir. İerarxiya baxımından ümumi-hüquqi və ya sahəvi prinsiplərə zidd olan hüquq normaları etibarsızdır. Mülki hüququn müqavilə azadlığına zidd olan hüquq norması etibarlı hesab oluna bilməz. Məhkəmə iddia tələbinin ilk hissəsi ilə bağlı bildirir ki, “müqavilə azadlığı” prinsipinin tələbləri və MM-in 390.1-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə mülki hüquq münasibətlərinin subyektlərinin üzərinə iradələrinə zidd müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna olunur. Kredit müqaviləsinin predmeti ola biləcək müvafiq pul vəsaiti bankın mülkiyyəti hesab olunmaqla mülkiyyət hüququna qeyri-legitim əsaslarla məhdudlaşdırmaların tətbiq edilməsi yolverilməzdir. Kommersiya subyekti olaraq iqtisadiyyatın əsas sütublarından hesab olunan mülki hüquq münasibətlərinin iştirakçısı olan bank öz fəaliyyətinin qanunla müəyyən edilmiş qaydada təşkil etmək və fəaliyyətinin nəticəsi olaraq gəlir əldə etmək hüququ vardır. Bankın sərəncamında olan pul vəsaiti barədə gəlir əldə etmək məqsədilə fiziki və hüquqi şəxslərlə sərbəst şəkildə müqavilə bağlamaq hüququ vardır. Bank risklərinin qarşısının alınması, “ümudsiz” kreditlərin minimuma endirilməsi məqsədilə müvafiq müqavilələr üzrə qiymətləndirmə azadlığının həyata keçirilməsi (gəlirlərin, risklərin müəyyənləşdirilməsi və s.) müqavilə tərəfi kimi banka məxsusdur. Cavabdeh bankın kredit müraciəti üzrə müvafiq imtina qərarı qəbul etməsi özünün sərbəst mülahizəsidir və qanunsuz hesab edilmir. Göstərilənlər nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi “kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində əsassızdır və təmin edilə bilməz. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, aylıq 80 manat müavinət alır və başqa gəliri yoxdur (mülki işin mübahisəsiz halı). Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin hərəkətlərində (hərəkətsizlik) delikt hüquq institununun dispozitiv şərtləri müəyyən edilmir. İlk öncə, ağlabatan mühakimə əsasında iddiaçıya hər hansı mənəvi zərərin vurulması elementləri aşkar edilmir, bundan əlavə, cavabdehin hərəkətlərində hər hansı qanunsuzluq, dolayı yolla təqsirli və ya təqsirsiz məsuliyyətin əsasları mövcud deyildir. İddia ərizəsində qeyd olunanlar əsassız hesab olunmaqla iddiaçının şəxsi mülahizəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Hüquqdan sui-istifadə yolverilməzdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-975/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-975/2024
14.02.2024 · Müqavilələrin məcburi bağlanması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver