Məhkəmə qərarları › İş №2(005)-1104/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1104/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1104/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan olan xx xxxxxx 2012-ci il tarixli X5 və xx xxxxxx 2014cü il tarixli X4 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə hər uşağa görə 170 manat olmaqla toplam 340 AZN alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx xxxxxx 2011-ci il tarixdə Bakı nikah evində rəsmi qeydiyyata alınmaqla nikah bağlamışlar. Buna əsasən Bakı nikah evi tərəfindən onlara AZ- İ № 725622 saylı Nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahdan xx xxxxxx 2012- ci il tarixli X5 və xx xxxxxx 2014-ci il tarixli X6 dünyaya göz açmışdır. Buna əsasən birgə nikahdan olan övladları qeydiyyat şöbəsi tərəfindən AZ- İİ № 979481 və AZ- İİİ № 354636 saylı Doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdeh ilə bir müddət bir yerdə yaşasalar da, bir müddət sonra cavabdehlə bir yerdə yaşamaq mümkünsüz hala gəlmişdir.Belə ki, cavabdehlə münasibətlər kəskin pisləşmiş və hazırda da ayrı yaşayırlar. Cavabdehlə aralarında olan münasibətlər müsbətləşdirmək məqsədi ilə dəfələrlə cavabdehə müraciət etsədə müsbət nəticə əldə edə bilməmişdir. Maddi vəziyyətinin ağır olması səbəbindən birgə nikahdan olan övladına baxmaq üçün köməyə ehtiyacı var. Cavabdehə isə dəfələrlə kömək üçün müraciət etsədə cavabdeh birgə övladının saxlanılmasına heç bir köməklik etməmişdir. Qeyd edildiyi kimi cavabdehin maddi vəziyyəti çox yaxşıdır. Buna əsasəndə Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlə birgə nikahdan olan uşağın saxlanılması məqsədilə aliment tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini, məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Nərimanov rayon sektrounun xx.xx.2020-ci il tarixli 3231 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuşdur. ASAN1 tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Kaveroçkin küçəsi,ev.8, m. 1 ünvanında qeydiyyatdadır. Bakı Nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ№ 725622 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikaha daxil olmuşlar və buradə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2698 nömrə ilə qeyd edilmişdir. Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ № 979481 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2012-ci il tarixdə doğulmuş Cavabdeh atası, anası isə İddiaçıdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 354636 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Cavabdeh atası, anası isə İddiaçıdır. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx xxxxxx 2012-ci il tarixli X5 və xx xxxxxx 2014cü il tarixli X6 doğulmuşlar, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, azyaşlı uşağları isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 340 (üç yüz qırx) manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladlarının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx xxxxxx 2012-ci il tarixli X5 və xx xxxxxx 2014-cü il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat hər ay sabit pul məbləğində aliment İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması vaxtı xx.xx.2020-cu il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar