Məhkəmə qərarları › İş №2(005)-1275/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1275/2021

15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1275/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2012-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-315 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh və onun arasında bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman yaşayış minimumu 154 manat olmuş, həmin vaxtdan artıq 3 il keçmişdir. Yaşayış minimumu artırılmış, gündəlik tələbat mallarının qiymətləri qalxmış, illik inflyasiya baş vermişdir. Əvvəllər uşaqların tələbatını ödəmək üçün çəkdiyi xərcdən daha çox xərc çəkməlidir. Bu isə maddi vəziyyətinin ağırlaşmasına səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, xx xxxx 2013-cü il təvəllüdlü X8 və xx xxx 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-315 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulmuş alimentin artırılaraq, hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasındakı nikahın pozulması xx.xx.2019-cu il tarixdə 207 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ 059025 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan 1 saylı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ 337945 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 315/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayəsində qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması, uşaqların atanın himayəsinə verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə Dadaşzadə (Tağıyeva) Günel Gündüz qızı arasında xx.xx.2012-ci ildə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 601 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdü X10 oğlu saxlanılması üçün atası Cavabdeh alınaraq anası Dadaşzadə (Tağıyeva) Gunel Gündüz qızına verilmiş, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdü X1 üçün anası Dadaşzadə (Tağıyeva) Günel Gündüz qızına verildiyi tarixdən başlayaraq, 09.03 2013-cü il təvəllüdlü X8 və 21.05 2014-cü il təvəllüdü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində-154 manat aliment tutularaq iddiaçı Dadaşzadə (Tağıyeva) Günel Gündüz qızına ödənilməsi, alimentin tutulmasının 09.03. 2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdü X7 iddiaçı (anaları) Dadaşzadə (Tağıyeva) Günel Gündüz qızına verildiyi tarixdən həyata keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” QSC-nin xx.xx.2021-ci il tarixli KŞ/003 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən xx.xx.2017-ci il tarixdən hal-hazıradək “xxxx” QSC şirkətində ekspeditor vəzifəsində işləyir. Aylıq əmək haqqı 350 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qətnamə çıxarılan gündən – xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Tağıyeva (Dadaşzadə) Günel Gündüz qızının xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Tağıyeva (Dadaşzadə) Günel Gündüz qızının xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar