Məhkəmə qərarları › İş №2(005)-1567/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1567/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1567/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, İsmayılova Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi hüquqi nikaha girərək ailə qurmuş, birgə nikahdan xx.xx.2010-cu ildə X3, xx.xx.2012-ci ildə isə X4 adında uşaqları doğulmuşdur. Cavabdeh Xaçmaz rayonunun, Qusarçay kəndində qeydiyyatda olmasına baxmayaraq 11 ildir ki, ailəvi iddiaçının anasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası (hazırkı adı Fərid Əhmədov) küçəsindəki 673 saylı evdə yaşayır. Eşitdiyinə görə Cavabdeh Bakı şəhəri, Xətai rayonunda yerləşən Azərbaycan Futbol Federasiyasına məxsus “ETİ - MMC”-də tikinti işləri üzrə briqadir işləyir, aylıq qazanc gəliri 1.200 manat təşkil edir. Lakin bu barədə məhkəməyə sübut təqdim edə bilmədiyi üçün aliment tələbini sabit pul məbləğində verir. Cavabdehlə 2009-cu ildən yuxarıda qeyd etdiyi ünvanda ailəvi yaşamağına baxmayaraq cavabdeh ona aylıq qazanc gəlirindən pul vermir, uşaqları valideynlərinin qazancı, gəliri hesabına dolandırır. Uşaqlar üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanuna əsasən 2021-ci il üçün 175 manat məbləğində müəyyən edilmişdir.Hesab edir ki, cavabdeh uşaqların yetkinlik yaşına çatanadək onların saxlanması üçün ona hər ay onların hər birinə ayrıayrılıqda 175 manat, cəmisi 350 manat sabit pul məbləğində aliment verməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-cu ildə doğulmuş X3, xx.xx.2012-ci ildə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanmaları üçün cavabdehdən hər ay onların hər birinə ayrı-ayrılıqda 175 manat, cəmisi 350 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə 510 N-li akt qeydi ilə Cavabdeh və İddiaçı nikahı qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-T 006378 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ 965335 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit məbləğdə aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar