Məhkəmə qərarları › İş №2(005)-1996/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1996/2021

23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1996/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarını artırılaraq Cavabdeh 28.05.2013-cü il təvəllüdlü X3 və 13.05.2015-ci il təvəllülü X1 ücün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasnda pozulmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmayan iki övladları vardır: 28.05.2013-cü il təvəllüdlü X3 və 13.05.2015- ci il təvəllülü X4. Uşaqlar onun himayəsində saxlanılmışlar. Cavabdeh Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə 28.05.2013-cü il təvəllüdlü X3 və 13.05.2015-ci il təvəllülü X1 hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin bu məbləğ uşaqların saxlaması üçün nəzərdə tutulan xərcləri ödəmir. Bu səbəbdən də alimentin miqdarının artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o hər ay iki uşağı üçün 120 manat aliment ödəyir. İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərkən, onun gəlirləri ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bildirir ki, o hal-hazırda heç yerdə işləmir. Ondan fərqli olaraq iddiaçının maddi gəlirləri yaxşıdır. Onun hər ay hər uşaq üçün yalnız 120 manat aliment ödəməyə imkanı çatır. İddiaçı 05 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında onun iştirakı olmadan iddia ərizəsinə baxılıb iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon İcra şöbəsinin məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6513/2015 saylı, 19.12.2016-cı il tarixli icra sənədi icraata qəbul edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon İcra şöbəsinin 01.02.2017-ci il tarixli qərarından görünür ki Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6513 saylı, 19.12.2016-cı il tarixli icra vərəqəsinə əsasən 28.05.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 22.07.2016-ci il tarixdən başlayaraq hər ay 120 manat cəmi 240 manat sabit pul miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 311179 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 22 yanvar 2018-ci il tarixdə pozulmuş, 18 nömrəli akt ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 13 may 2015-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 28 may 2013-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, alimentin miqdarını artıraraq Cavabdeh 28.05.2013-cü il təvəllüdlü X3 və 13.05.2015-ci il təvəllüdlü X1 ücün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 21.04.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 28.05.2013-cü il təvəllüdlü X3 və 13.05.2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar