Məhkəmə qərarları › İş №2(005)-20/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-20/2022

11.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-20/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili Vəkil2 və Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, mərhum əri X8 ilə Cavabdeh1 arasında 15.02.2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.12.2010-cu ildə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 02.11.2011-ci il təvəllüdlü Tofiq adlı və 20.06.2013-cü il təvəllüdlü Canel adlı uşaqları anadan olmuşdur. 19.04.2018-ci ildə əri X8 “Qara ciyərin serrozu diaqnozu“ ilə 5 nömrəli xəstəxanada vəfat etmişdir. Ərinin adına Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi 26 saylı evin 3 saylı mənzil, 2006-cı il buraxılışlı «X15» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzil olmuşdur. Mərhum həyat yoldaşı X8 ölümündən 2 ay əvvəl miras əmlakını, yəni Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilini 15.02.2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda anası Cavabdeh1 bağışlamışdır. Cavabdeh qaynanası Cavabdeh1 onun və uşaqlarının miras əmlakından məhrum etmək üçün haqqında çoxsaylı şər və böhtan xarakterli məlumatlar yaymış, hətta iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İsmayılova (Əlizadə) Jalə Nizami qızının övladları ilə birlikdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun iddiası birinci instansiya məhkəməsində rədd edilsə də, Bakı Apelyasiya Məhkəmənin 11.03.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən tərəfindən kasassiya şikayəti verilmişdir. Qaynanası məhkəmələrə təzyiq etməklə onun və övladlarının Azərbaycan Respublikası Konstitusiyası ilə tanınmış mülkiyyət hüquqlarını pozmaqda davam etmişdir. Mərhum əri X8 19.04.2018-ci il tarixdə qaraciyərin digər xəstəlikləri səbəbi ilə vəfat etmiş, ölümündən əvvəl, yəni 15.02.2018-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, ev 13, 108 saylı mənzili Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən anası Cavabdeh1 bağışlamışdır. 15.02.2018-ci il tarixli bağışlama müqaviləsi cavabdehin təkidi ilə məqsədli şəkildə bağlanmış və əsas məqsəd vərəsələri mirasdan məhrum etmək olmuş, həmçinin X2nun həmin əqdi bağlamaq niyyəti olmadığından 15.02.2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda bağlanmış Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, ev 13, 108 saylı mənzilin bağışlama müqaviləsi etibarsız əqddir. Əgər X2 mübahisəli mənzilini anasına bağışlamasa idi, o övladları ilə birlikdə həmin əmlak üzrə qanun üzrə vərəsə olacaqdılar. X2 mübahisəli mənzilini anasına vəsiyyət etsə idi, yenə də, o övladları ilə birlikdə həmin əmlakda məcburi payları olacaq idi. X2 vərəsələrini məcburi pay hüququndan miras əmlakını bağışlamaqla deyil, məhkəməyə müraciət etməklə məhrum edə bilərdi. Cavabdeh bu yolu seçməklə Mülki Məcəllənin 1200-cü maddəsinin tələblərini pozmuşdur. Onun və övladlarının həmin mirasda məcburi payı olduğundan və hədiyyənin verilməsindən 2 il müddət keçmədiyindən, Mülki Məcəllənin tələblərinə əsasən İddiaçı və onun övladları mübahisəli mənzil hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdir. Bu pay tamamlanma üçün isə mərhum əri X8 ilə Cavabdeh1 arasında 15.02.2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdeh X3 verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddia ərizəsinə və ona əlavəyə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, 21 saylı DNK-nın notariusu tərəflər arasında bağışlama müqaviləsini təsdiq etməklə Mülki Məcəllənin, Notariat haqqında Qanunun, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 17-ci bəndinin tələblərini pozmuşdur. X1 şəxsiyyətini, yəni öz hərəkətlərinin mənasını başa düşüb-düşməməyini və onlara rəhbərlik edə bilmədiyini, 52 yaşlı şəxsin subay olub olmamasını, tədqim edilmiş şəxsiyyət vəsiqəsinin etibarlılığını, uşaqların olmasını, əqdin predmeti olan mənzilə dair digər şəxslərin hüquqlarının olmasını, onların əqdin bağlanmasına razılıq veribverilməməsini və sair müəyyənləşdirməli olduğu halda bunu etməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, 17.10.1998-ci il tarixdə Bakı şəhəri 21 saylı DNK-nın 08.09.1998-ci il tarixli 3MA-623 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir. 26.02.2018-ci il tarixdə Bakı şəhəri, 21 saylı DNK-nın 15.02.2018ci il tarixli 4Ə-20 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur və 26.02.2018-ci il tarixdə bu barədə ********** saylı qeyd aparılmışdır. 15.02.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X8 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 108 saylı mənzili oğlu Cavabdeh1 bağışlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-697/2022 saylı, 24.01.2022-ci tarixli qətnaməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron qaydada çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil İddiaçı adına 1/10 hissədə 22.12.2021-ci il tarixdə, Cavabdeh1 adına 7/10 hissədə, X4 adına 1/10 hissədə, X5 adına 1/10 hissədə qeydiyyatdan keçmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil X6 mülkiyyətində olmuşdur. X8 həmin mənzili 17.10.1998-ci il tarixdə adına qeydiyyatdan keçirmiş və 26.02.2018-ci il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh1 hədiyyə etmişdir. Hazırda X2nun arvadı İddiaçı qeyd edilən mənzildə onun və uşaqlarının məcburi miras payları olduğu bildirərək, X8 ilə Cavabdeh1 arasında 15.02.2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; Həmin Məcəllənin 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə görə, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ilk olaraq bağışlanmış əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilibedilməməsinə aydın gətirilməlidir. Belə ki, iddiaçı irəli sürdüyü iddia tələbini təsdiq edən halları sübuta yetirə bilmədi. Mülki Məcəllənin 667.1-ci maddəsinə görə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edildikdə, əmlakı bağışlamağa dair ər-arvaddan biri tək sərəncam verə bilməz. İş materiallarından və iddia ərizəsindən görünür ki, İddiaçı X6 nikahları 25.12.2010-cu il bağlanmış, lakin ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil 17.10.1998-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmiş və iddia predmeti olan bağışlama müqaviləsi 26.02.2018-ci il tarixdə bağlanmışdır. Odur ki, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmədiyindən, qeyd edilən əmlaka dair X8 tək sərəncam vermək hüququ vardır. Bundan başqa iddiaçı yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etsə də, iddia predmeti olan bağışlama müqaviləsinin etibarsızlığına əsas yoxdur. Məhkəmə qeyd edir ki, mənzilin bağışlanması zamanı mübahisələndirilən bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndiyindən bağışlama etibarlıdır. Məhkəmə X6 ona mülkiyyət hüququ ilə məxsus mənzilin bağışlanmasını onun tərəfindən ailə üzvlərinə qarşı, yəni İddiaçı, 02.11.2011-ci il təvəllüdlü Tofiq adlı və 20.06.2013-cü il təvəllüdlü Canel adlı uşaqların hüquqlarının pozulması kimi qiymətləndirmir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver