Məhkəmə qərarları › İş №2(005)-2276/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2276/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2276/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1; Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 227, M7, m3 mənzili 2020-ci il 5 mart tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehdən (Cavabdeh) almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdeh faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 07İKİ/20 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı Cavabdeh alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1; Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 227, M7, m3 mənzili İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1; Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 227, M7, m3 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ünvan 1; Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 227, M7, m3-dən qeydiyyatdan çıxamağa etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam qaydada yerinə yetirməmişdir. Beləki, cavabdeh mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüquqlarını itirmiş və həmin mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1; Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, 227, M7, m3 mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar