Məhkəmə qərarları › İş №2(005)-2749/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2749/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2749/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.02.2015-ci il təvvəlüdlü oğlum X2 və 20.05.2016-cı il təvəllüdlü qızı X1 18 yaşına çatanadək saxlanması üçün hər biri üçün aylıq 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 iyul 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları 3 saylı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından oğlu- X4 02 fevral 2015-ci ildə, qızı- X3 20 may 2016-cı il tarixdə dünyaya gəlmişlər. Cavabdehin özünəməxsus xarakteri, gündəlik məişət məsələlərində aralarında yaranana fikir ayrılığı ona gətirib çıxarmışdır ki, təxminən 3 il bundan əvvəl o, birgə yaşadıqları mənzili tərk edib başqa mənzilinə köçmüş, onunla əlaqələrini kəsmiş, azyaşlı uşaların gündəlik saxlanma xərclərində və tərbiyyə olunmasında iştirak etməmişdir. Uşaqların bütün maddi və məişət problemlərini təkbaşına həll edir. Valideynlərin azyaşlı uşaqların gündəlik saxlanma xərclərində bərabər iştirak etmə qaydasını müəyyən edən qanunvericilik normalarını, habelə hal-hazırda Cavabdeh ailəsinə olan münasibətini nəzərə alaraq, hesab edir ki, azyaşlı uşaqların saxlanması üçün zəruri olan alimentin tutulması məhkəmə yolu ilə həyata keçirilməlidir. Azyaşlı uşaqların saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarına gəlincə, məhkəmə nəzərə almalıdır ki, cavabdehin rəsmi iş yeri yoxdur. Azyaşlı uşaqların yaş həddini nəzərə almaqla onların normal böyüməsini təmin etmək üçün, belə hesab edirəm ki, məhkəmə hər bir uşağın saxlanması üçün aylıq 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul etməldir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi tərərfindən verilmiş AZ-İİ № 140186 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı qızı arasında 07.07.2014-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.07.2014cü il tarixdə 1109 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbadov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİİ № 806331 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 02.02.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 26.07.2016-cı il tarixdə 4268 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİİ № 806375 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 20.05.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 27.07.2016-cı il tarixdə 4312 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) izahatından, mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan nikahdan 02.02.2015-ci il təvəllüdlü X4 və 20.05.2016-cı il təvəllüdlü X3 doğulmuş, onların nikahı pozulmayıb, lakin tərəflərin münasibətləri gərgindir. Uşaqlara hazırda anaları qayğı göstərir. İddiaçı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladlarının maddi tələbatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 175 manat olmasını, iş üzrə cavabdehin daimi iş yerinin olması və aylıq qazancının hansı miqdarda olması barədə sübutların təqdim edilməməsini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 02.02.2015-ci il təvəllüdlü X2 və 20.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 30.04.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30.04.2020-ci il tarixdən başlayaraq, 02.02.2015-ci il təvəllüdlü X2 və 20.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar