Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2803/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Ərizəçi Namaz oğlunun döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən olunması tələbinə dair ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Namaz oğlu 1992-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı Ərizəçi Namaz oğlunun ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ərizəçinin tələbindən və ərizəyə əlavə olunan sənədlərdən görünür ki, o müharibə veteranı adının və vəsəqəsinin verilməsi ilə bağlı maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin imtina məktubu verilmişdir. Ona görə də hazırki tələbə hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasında baxılması yolverilməzdir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, Ərizəçi Namaz oglunun döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən olunması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Namaz oğlunun 1992-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən olunması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2803/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2803/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver