Məhkəmə qərarları › İş №2(005)-3235/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3235/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3235/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 123a-da yerləşən, 2 saylı mənzildən, istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci tarixində iddia tələbinin dəyişdirilməsinə dair yazılı ərizə təqdim edərək, iddia ərizəsində göstərilən cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 123a-da yerləşən, 2 saylı mənzildən istifadə hüququnun itirilməsini xahiş etmişdir. İddiaçi iddia tələbini onunla əsaslandirmişdir ki, xx xxx 2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 123 a saylı evin, 2 saylı mənzilini AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi əsasında cavabdehdən almışdır. Bu haqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxx 2020-ci il tarixində ********** olan qeydiyyat nömrəsi olmaqla çıxarış verilmişdir. Cavabdeh ona yuxarıda göstərilən ünvandakı mənzili (Cavabdeh əvəzinə) X2 vasitəsi ilə satmışdır. Vətəndaşlığı təsdiq edən sənəddən də görünür ki, cavabdeh Kanada vətəndaşıdır. Buna baxmayaraq hələ də cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yusif Çəmənzəminli küçəsi, ev 123a, 2 nömrəli ümumi sahəsi 32.19 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 13875 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu D,F.Kərimov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh adından (X3) özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.Vəzirov küçəsi, ev 123a, 2 nömrəli mənzilini alıcı İddiaçı satmışdır; xx.xx.2013-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikası, Qazı-Məmməd şəhərində anadan olmuş Aslanov X4 rayonu, Muğan qəsəbəsi ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 11 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən keçmiş sakin Cavabdeh (2001-ci il tarixdən) Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123a, 2 saylı mənzilində pasport qeydiyyatındadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123a, 2 nömrəli mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Həmin vaxt hazırki mülki iş üzrə Cavabdeh bu mənzildə pasport qeydiyyatında olmuşdur. Müqaviləyə əsasən Cavabdeh (satıcı) iddiaçıya (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi (Müqavilənin 8-ci bəndi) öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123a, 2 saylı mənzilində yaşamır, lakin pasport qeydiyyatında olmaqda davam edir. Onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, Cavabdeh mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123a, 2 saylı mənzilindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123a, 2 nömrəli mənzilindən istifadə hüququ itirilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 123a, 2 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar