Məhkəmə qərarları › İş №2(005)-381/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-381/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-381/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elmna oğlunun katibliyi İddiaçı X1 nümayəndəsi X3, Cavabdeh "xxxx"ASC-nin nümayəndəsi Kazımov Ziya məhərrəm oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx"ASC-yə qarşı “protokolun ləğvi və əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun ləğvi və əşyaların geri qaytarılması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2021-ci il tarixli 06/21 saylı protokolun ləğv edilməsi qızıl-zinət əşyalarının geri qaytarılması, qızıl-zinət əşyalarının mövcud olmadığı təqdirdə ilkin qiymətləndirmə zamanı hesablanmış məbləğlə son qiymətləndirmə arasında olan fərqin yəni 8385 (səkkiz min üç yüz səksən beş) manat məbləğində maddi ziyanın, 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın ümumilikdə 38385 (otuz səkkiz min üç yüz səksən beş manatın və dövlət rüsumu üçun ödənilmiş 206 manat pulun cavabdeh 'Expressbank” ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “Expressbank ASC ilə aralarında bağlanmış 08 dekabr 2020-ci il tarixli, 102805-959190/1 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 10500 (on min beş yüz) manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 saylı əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kreditin müddəti 24 ay müəyyən olunmuşdur. Bu müqavilə uzrə öhdəliklərin təminatı 08 dekabr 2020-ci il tarixli 102805-959190/1 nömrəli Girov müqaviləsi üzrə girov predmeti qoyulmuşdur. Girov predmeti kimi qızıl-zinət əşyaları tərəfindən banka təqdim edilmişdir. Bildirmək istəyir ki, o bu krediti oğlu üçün götürmüşdür. Belə ki, oğlu X5 üç dəfə ağciyər əməliyyatı keçirmişdir. Hepatit C və vərəm xəstəsidir. O, girov predmeti kimi qoyulmuş qızılları oğlunun ad günü üçün hədiyyə almışdır. Bunu oğlu özü istəmişdir. Oğlu ilk əməliyyata boynunda həmin qızıllarla girmişdir və həmin əməliyyat uğurlu keçmişdir. İkinci əməliyyat zamanı da oğlu həmin qızıllar boynunda əməliyyata girdi və həmin əməliyyat da uğurlu keçdi. Onlar üçün həmin qızılların mənəvi dəyəri çox böyük idi. Daha sonra oğlu keçirdiyi əməliyyatlardan dolayı ağır işdə işləyə bilmədiyi üçün heç yerə işə düzələ bilmirdi. Bu vəziyyətindən dolayı onun günü-gündən mənəvi əzab çəkdiyinin şahidi olurdular. Onlar ona görə də son çarə kimi banka müraciət edib kredit götürərək ona avtomobil almaq qərarına gəldilər ki, taksi fəaliyyəti ilə məşğul olaraq özü-özünü dolandırsın. Buna görə də kredit müqaviləsini imzalayaraq həmin qızılları girov kimi banka qoymuşdurlar. Onlar kredit müqaviləsi üzrə götürdüyü borcu imkanları olduqca ödəyirdilər. Heç bir zaman borcu ödəməkdən qəsdən, üzrsüz səbəbdən yayınmırdılar. Kredit müddəti 24 ay müəyyən olunmuşdur. Kreditin müddətinin bitməsinə hələ 1 ildən artıq vaxt vardır. Ödəmədiyi təqdirdə faizlərin gəlməsi barədə məlumatları var idi. İmkanı aşağı olduğu səbəbindən oktyabr ayının 17-də banka yaxınlaşaraq kredit müqaviləsi üzrə müddətin uzadılmasını, məbləğin aşağı düşməsini xahiş etmişdir. Həmin vaxt ona bildiriş verdilər ki, 12 oktyabr 2021-ci il tarixli 06/21 saylı protokoluna əsasən girov kimi qoyduqları qızıl-zinət əşyaları 12890 AZN dəyərində qiymətləndirilmiş və satılaraq 102805-959190/1 saylı gecikmədə olan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Həmin vaxt etiraz edərək qızılların satılacağı barədə iddiaçıya nə üçün bildiriş verilmədiyini nə üçun kredit borcunu ödəmədiyi barədə heç xəbərdarlıq edilmədiyi heç bir məlumatları olmadan nəyə görə qızılların satıldığını soruşsa da ona saxta bir qəbz təqdim edərək məlumat göndərdiklərini bildirdilər. Həmin qəbzə baxış keçirilən zaman görmüşdür ki, qeyd olunan ünvan ümumiyyətlə hazırda mövcud deyil 4 ildir ki, sökülmüş olan binada həmin sənədin kimə təqdim olunduğu, kimin qəbul edib onun əvəzinə imzaladığını müəyyən edə bilmədilər. Qəbzin üzərindəki soyad və imza ona məxsus deyil. Bank tərəfindən bunun poçt tərəfindən edildiyi bildirilsə də həmin poçta yaxınlaşdıqda poçtun əməkdaşları bu qəbzdən məlumatlarının olmadığını bildirdilər. Alim adında kuryer isə həmin ünvana qadına məxsus heç bir məktub gətirmədiyini bildirmişdir. Göründüyü kimi bank tərəfindən ona heç bir məlumat verilmədən qızılları satışa çıxarılmışdır. Həmçinin ona sentyabr ayının 13-ü 300 manat məbləğində banka ödəniş etmişdir. Bank heç bir əsası olmadan, ona öncədən bildiriş məktubu göndərmədən onun qızıllarını dəyərindən çox az qiymətə satmışdır. Belə ki, 08 dekabr 2020-ci il tarixli Girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktı ilə iddiaçının 2 ədəd qızıl-zinət əşyam bank tərəfindən 21275.14 manat məbləğində qiymətləndirilmişdir. Qızıl-zinət əşyaları ******* nömrəli xüsusi paketə qoyularaq, Bankın pul anbarına saxlanca qəbul edilmişdir. Qeyd edir ki, tərəfindən banka 2 ədəd qızıl-zinət əşyası verilmiş, əyyarı 583 çəkisi 243.2 təşkil etmişdir. Anlaya bilmir ki, 21275 14 AZN məbləğində qiymətləndirilmiş bu qızıl-zinət əşyaları necə oldu ki, bir neçə ay sonra 12890 AZN məbləğində satılmışdır. Hər kəsə məlumdur ki, qızıl-zinət əşyalarının qiyməti düşmək əvəzinə əksinə artmışdır. İddiaçı X1 nümayəndəsi X4 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, idida tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx"ASC-nin nümayəndəsi Kazımov Ziya məhərrəm oğlu iddia tələbini qəbul etməyək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: 08 dekabr 2020-ci il tarixli, 102805-959190/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank X2 10500 (on min beş yüz) manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 saylı əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. 08 dekabr 2020-ci il tarixli 102805-959190/1 nömrəli girov müqaviləsindən görünür ki, 08 dekabr 2020-ci il tarixli, 102805-959190/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində girov predmeti kimi qızıl-zinət əşyaları tərəfindən banka saxlanca qoyulmuşdur. 08 dekabr 2020-ci il tarixli 102805-959190/1 nömrəli girov müqaviləsinə 1 saylı əlavədən görünür ki, girov predmetinin dəyəri 21275.14 manat təşkil edir. "xxxx" ASC-nin X2 ünvanlandığı 21.09.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcalana 08 dekabr 2020 il tarixli, 102805-959190/1 saylı kredit müqaviləsiüzrə 20 sentyabr 2021-ci il tarixə 9373.02 manat məbləğində əsas borc, 1163.94 manat məbləğində faiz borcu, 785.18 manat cərimə borcu olmaqla, ümumilikdə 11322.14 manat məbləğində borcu yaranmışdır. Borc 10 gün müddətində ödənilmədiyi halda yüklülük predmeti olan tutmanın yönəlidilməsi prosedurunun başlayacağı barədə məlumat verilmişdir. "xxxx"ASC-nin X2 ünvanlandığı bildirişdən görünür ki, bank borcalana aralarında bağlanmış 08 dekabr 2020 il tarixli, 102805-959190/1 saylı kredit müqaviləsinin təminatı kimi banka girov qoyduğunuz ******* nömrəli xüsusi paketdə olan qızıl-zinət əşyaları "xxxx" ASC-nin Əmlakların satışına nəzarət komissiyasının iclasının 12 oktyabr 2021-ci il tarixli 06/21 saylı protokoluna əsasən 12890 AZN dəyərində qiymətləndirilmiş və satılaraq 102805-959190/1 saylı gecikmədə olan kredit müqaviləsi üzrə borcuna ödənilməsinə yönəldilməsini, satışdan əldə olunan vəsaitdən 14 oktyabr 2021-ci il tarixində 9,373.02 AZN gecikdirilmiş əsas borca, 1,291.73 AZN gecikdirilmiş faiz borcu və 1,058.06 AZN cərimə borcuna silindiyini, kredit borcu tam ödənildikdən sonra hesabda qalan 1167.19 AZN vəsaiti banka gələrək şəxsiyyət vəsiqəsini təqdim etməklə ala biləcəyinə dair məlumat vermişdir. "xxxx"ASC-nin 12.10.2021-ci il tarixli № 06/21 saylı protokolundan görünür ki, Cavabdeh ASC-də girovda olan İddiaçı məxsus qızıl zinət əşyalarının 12890 manata satılması,qıızl zinət əşyalarının protokola əsasən kassadan çıxarılması, satışı və ssatışdan əldə olunan vəsaitin bankın adından qəbul edilin borclunun cari hesabına qoyulması səlahiyyəti "xxxx"ASC-nin Risklərin İdarə edilməsi departamentinin Girovların qiymətləndirilməsi və nəzarəti bölməsinin müdüri Samir Nəsibova həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 296.2.1 və 296.2.2-ci maddələrinə əsasən, girov predmetinə tutma girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda və girov predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyərli əşya olduqda yalnız məhkəmənin qərarı ilə yönəldilə bilər. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən, yüklülük predmetinə tutmanın əsasları bu Qanunun 4-cü maddəsində göstərilən və digər normativ hüquqi aktlarla müəyyən olunur. 13.1-ci maddəsinə əsasən, yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.3-ci maddəsinə əsasən yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 15.2-ci maddəsinə əsasən, borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər. 15.3-ci maddəsinə əsasən, yüklülük verən və ya borclu yüklülük sahibinin sahibliyində olan yüklülük predmetinə tutma yönəldilməsindən məhkəməyə şikayət etdikdə yüklülük predmetinin satılması dayandırılmır, bu şərtlə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13-cü fəsli ilə müəyyən edilmiş qaydada iddianı təmin etmə tədbiri kimi satışı dayandırmaq barədə qərar qəbul etməsin. 16.1-ci maddəsinə əsasən, yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 17.5-ci maddəsinə əsasən, yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 08 dekabr 2020-ci il tarixli, 102805-959190/1 nömrəli kredit müqaviləsinə əsasən "xxxx"ASC X2 10500 (on min beş yüz) manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 saylı əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. 08 dekabr 2020-ci il tarixli 102805- 959190/1 nömrəli girov müqaviləsi ilə, 08 dekabr 2020-ci il tarixli, 102805-959190/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində girov predmeti kimi qızıl-zinət əşyaları tərəfindən banka saxlanca qoyulmuşdur. Bank öz üzrəinə düşən öhdəliyi yerinə yetirmiş olsa da borcalan borcunu vaxtında ödəməyərək öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmışdır. Belə olduğu halda, bank 08 dekabr 2020-ci il tarixli 102805-959190/1 nömrəli girov müqaviləsinin şərtlərinə uyğun olaraq (5.1-ci maddə) girov predmetini yəni, girovda olan İddiaçı məxsus qızıl zinət əşyalarının 12890 manata satılmasını qərara almışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, girov qoyulmuş əşyalarının satılması barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmişdir. Bank tərəfindən ona saxta bir qəbz təqdim edilərək məlumat göndərdiklərini bildirmişlər, belə ki, poçtun əməkdaşları həmin qəbzdən məlumatlarının olmadığını qeyd etmişlər. Bildirir ki, bank tərəfindən ona heç bir məlumat verilmədən qızılları satışa çıxarılmışdır. Cavabdeh bank iddia tələbinə etiraz edərək bildirir ki, onlar öz öhdəliklərinə düşən vəzifələri yerinə yetirmiş və girov əşyaların satılacağı barədə iddiaçıya lazımi qaydada bildiriş göndərmişlər, bundan əlavə həmin əşyalar “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun tələblərinə uyğun olaraq satışa çıxarılmışıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Göründüyü kimi, cavabdeh bank tərəfindən girov qoyulmuş daşınar əşyanın özgəninkiləşdirilməsi ilə bağlı prosedurları qanuna müvafiq olaraq həyata keçirilmişdir. Eyni zamanda qeyd olunur ki, iddiaçı ərizəsində qeyd edir ki, girov predmetinin satışa çıxarılmasına dair məlumatı 17 oktyabr 2021-ci il tarixində olmuşdur. Lakin iddiaçı tərəf məhkəmə iclasında izahatında ziddiyyətli ifadə verərək bildirmişdir ki, o, 2021-ci ilin sentyabr ayında banka 300 manat pul ödəməyə getdiyində girova qoyduğu qızılların satıldığından məlumatı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı poçt əməkdaşlarının bankın 21.09.2021-ci il tarixli bildirişindən məlumatlarının olmadığını bildirmələri barədə məhkəməyə hər hansı dəlil, sübut təqdim etməmişdir, digər tərəfdən poçt qəbzindəki imzanın ona məxsus olmadığını bildirmiş, bu səbəbdən də ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə iddia tələbinin dəlili ilə razılaşmayaraq, həmin dəlili əsassız hesab etmişdir. Belə ki, qüvvədə olan normativ hüquqi aktlar bu cür bildirişlərin mütləq şəkildə bildirişdə adı qeyd olunan şəxsə verilməsini zəruri hesab etmir. Bildirişin ünvan sahibinin yetkinlik yaşına çatmış ailə üzvünə verilməsi də sənədin ünvançıya çatdırılması hesab olunur. Belə ki, “Poçt rabitəsi” Qaydalarının 95-ci, həmçinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.25-ci bəndlərinə görə sifarişli məktublar alıcının yetkinlik yaşına çatmış ailə üzvünə də verilə bilər və bu göndərilən bildirişin lazımi qaydada çatdırılması hesab olunur. Bundan başqa iddia dəlili kimi istinad olunan digər halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu ünvanın uzun müddət əvvəl söküldüyü, onun tərəfindən banka bununla bağlı məlumat verildiyi, daha əvvəl bank tərəfindən iddiaçıya yeni ünvan üzrə məktubun göndərildiyi, cavabdeh bankın ünvanla bağlı məsələlərdən məlumatlı olması barədə hallar iş materiallarından müəyyən olunmur, nəticə etibarilə həmin dəlillər də əsassızdır. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə digər hissələrdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bu səbəbdən də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “protokolun ləğvi və əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdeh "xxxx"ASC-yə qarşı “protokolun ləğvi və əşyaların geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver