Məhkəmə qərarları › İş №2(005)-4136/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4136/2020

04.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4136/2020 04.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X2 18 yaşına çatanadək Cavabdeh hər ay 200 manat onun xeyrinə aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə toyları olub və birgə nikahdan xx.xx.2004-cü ildə X3 adlı uşaqları dünyaya gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında xx xxx 2007-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X2 atasıdır. Hal-hazırda, iddiaçı öz himayəsində qalmış xx.xx.2004-cü il təvəllüdlü X3 üçün cavabdehdən aliment tutulması tələbləri ilə məhkəməyə müraciət etməyi zəruri hesab edir. O uşağı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçının himayəsində olan xx.xx.2004-cü il təvəllüdlü X1 üçün, həmin uşaq 18 yaşına çatanadək hər ay 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, faktiki nikahlarından doğulmuş xx.xx.2004-cü ildə X1 üçün 200 manat məbləğində aliment ödənilməsinə etiraz etmədiyini bildirdi. İddaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ № 936304 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş görünür ki, X3 xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 879 № ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin faktiki nikahından xx.xx.2004-cü ildə X3 doğulmuş, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan qızı isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 200 manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə məhkəmədə yazılı ərizəsini təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə və cavabdehin yazılı ərizəsinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onun saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat aliment tutularaq İddiaçı ödənilməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində sabit aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar