Məhkəmə qərarları › İş №2(005)-428/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-428/2021

04.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-428/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs X2 cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin onun üzərində qəyyum təyin edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci il təvəllüdlü X2 onun ana bir, ata ayrı qardaşıdır. Maraqlı şəxs qardaşı xx xxxxxx 1980-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuşdur. 1988-ci il tarixdə qardaşı X2 Ermənistanın Spitak rayonunda zəlzələ zamanı uçqunun altında qalmış və beyin zədələnməsi keçirmişdir. Spitak zələzələsi zamanı beyin travması alan qardaşına xx xxxx 2005-ci il tarixdə əlillik vəsiqəsi verilmişdir. Belə ki, qardaşı birinci qrup əlildir, əlilliyi beyin travması keçirməsi ilə əlaqədar verilmişdir. Qeyd edilən xəstəliyi ilə əlaqədar qardaşı özünü normal idarə edə bilmədiyinə görə ərizəçi ona qulluq və nəzarət edir. O, özünü, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Bu səbəbdən də, daima başqa kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var. Qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından onun əməllərinə görə qəyyumu kimi onun adından çıxış edə bilmir. Hesab edir ki, maraqlı şəxs X1 öz psixi vəzivvətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Daha sonra Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda Ərizəçi nümayəndəsi və vəkili X5 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı 284547 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X2 xx.xx.1980-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuşdur. X3, anası X8r. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixli, XVİİİ-JQ seriyalı 467618 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X9 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan 170697№-li əlillik vəsiqəsindən görünür ki, X2 İ dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X7 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli, 115 saylı rəyində qeyd olunur ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutlara, məhkəmə ekspertiza rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, X2 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1980-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar