Məhkəmə qərarları › İş №2(005)-4875/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4875/2021

13.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4875/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 yanvar 1997-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Nəriman Rayon İcra Hakimiyyətinə (Qəyyumluq və himayəçilik orqanına) onun-Ərizəçi X6 üzərində qəyyum təyin edilməsinin həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 14 yanvar 1997-ci il təvəllüdlü X7 onun bacısıdır. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və onunla birlikdə orada yaşayır. Bacısı anadan gəlmə ruhi əsəb xəstəliyindən əziyyət çəkir. O, uşaqlıqdan bu xəstəliyə düçar olmuş, erkən yaşından psixoloji inkişafdan geri qalmışdır. Xəstəliyi ilə əlaqədar dəfələrlə müxtəlif poliklinikalarda ambulator müalicə almış və xəstəliyi gündən günə artmışdır. Psixi pozuntularla müşayiət olunan səhhəti ağırlaşmış, nitq qabiliyyəti kəskin pozulmuşdur. Hazırda daimi olaraq digər şəxslərin köməyinə ehtiyac vardır, adi gigiyenik proseduraları başqasının yardımı olmadan həyata keçirə bilmir. Bununla bağlı xəstənin tibb kitabçasında da göstərilmişdir ki, bacısı ağır kəmağıllıq, kəskin nəzərə çarpacaq imbesillik xəstəliyindən əziyyət çəkir. İlk vaxtlar bu xəstəliyi yüngül formada olması diaqnozu verilsə də daha sonra bu xəstəlik daha da irəliləmiş, kəskinləşərək ağır formada özünü büruzə vermişdir. Xəstəliyin nəticəsidir ki, artıq o özünü idarə etmək iqtidarında deyil. Bacısının səhhəti o həddə çatmışdır ki, daim nəzarət altında olmalıdır. Gündəlik davranışında öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs kimi özünü aparır. O, hazırda xəstə kimi 5 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Eyni zamanda bildirmək istəyir ki, bacısına müddətsiz olaraq 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Məlum olduğu kimi hazırda ölkədə əllilik dərəcəsinin verilməsi ilə bağlı sənədləşmə işləri DOST Agentliyi vasitəsilə həyata keçirilir. Qeyd olunan sənədlər orda olsa da, əllilik dərəcəsi yetkinlik yaşına çatdıqdan sonra təyin edildiyindən həmin sənədlərin verilməsindən imtina edilir və qəyyum təyin edilməsi barədə sənədin təqdim edilməsi istənilir. Məhkəmə tərəfindən müvafiq sorğu verilməklə həmin sənədlərin əldə edilməsi mümkündür. Eyni zamanda bildirmişdir ki, valideynləri yaşlı olduğundan bacısının qayğısına qala bilmir, onun qulluğunda dura bilmirlər. Bacısının demək olar ki, bütün istəklərini, ehtiyaclarını, habelə xəstəliyinin müalicəsi ilə bağlı bütün xərcləri o, qarşılayır. Bundan əlavə, mütəmadi olaraq bacısı X1 işlərində onu təmsil etmək lazım gəlir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, seçkilərdə iştirakla bağlı, habelə yaşadığı ünvanla bağlı sənədləşmə işlərində bacısının hazırkı sağlamlıq vəziyyəti müəyyən problemlər yaradır. Onun adından verilmiş etibarnamə də yoxdur. Bu səbəbdəndir ki, bacısının məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab olunması və mənim onun üzərində qəyyum təyin olunmağım vacibdir. Bacısının üzərində qəyyum təyin olunmağına valideynləri də razıdır və buna etiraz etmirlər. Çünki, onların yaşı, eləcə də sağlamlıq vəziyyəti xəstə bir insana baxmağa imkan vermir. Ərizəçi Ərizəçi məhkəmə iclasında müvafiq ərizəsi müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20.08.1987-ci il tarixli, Xİİ-JQ №475085 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası X8 qeyd olunmuşdur. İş materiallarında olan Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 04.03.1997-ci il tarixli, XX-JQ №309164 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 14.01.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası X8 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 4024 nömrəli 29.11.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 04.12.2002-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik” xəstəliyi diaqnozu aşkar olunmuşdur. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 14.01.1997-ci il təvəllüdlü X2 qardaşıdır. X2 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 4024 nömrəli 29.11.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 04.12.2002-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik” xəstəliyi diaqnozu aşkar olunmuşdur. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 14.01.1997-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.01.1997-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar