Məhkəmə qərarları › İş №2(005)-5117/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5117/2021

29.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5117/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 78 saylı, 16.74 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 18 saylı mənzildən, cavabdehİər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu və yaşadığı mənzili o, 08.08.2003-cü il tarixində dəyərini ödəməklə əldə etmişdir. Mənzil dövlət qeydiyyatına alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Mənzilin əvvəlki sahibi mənzili satdıqdan sonra qeydiyyatdan çıxmamış və bu barədə onun uzun illər məlumatı olmamışdır. Qeydiyyat yeri barədə arayış aldıqda hazırki iş üzrə cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda olmalarından xəbərdar olmuşdur. Məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehlərin, onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun sərbəst hərəkətlər etməyinə süni maneələr yaradır. Onların ona məxsus mənzildə qeydiyyatda qalmaları formal xarakter daşıyır. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuşlar, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 185650 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 78 saylı, 16.74 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 18 saylı mənzil İddiaçı mülkiyyətdindədir; Cavabdeh1-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış 202695 nömrəli 08.08.2003-cü il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 78 saylı, 16.74 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 18 saylı mənzili alıcıya 57188 (əlli yeddi min yüz səksən səkkiz) manat qiymətə satmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 06.07.2021-cı il tarixdə verilmiş ******* №-li arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 78 saylı, 16.74 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 18 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1 və onun ailə üzvü olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alqı-satqı müqaviləsi üzrə mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərinə götürdükləri öhdəliyi pozmuş, o cümlədən həmin mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar həmin mənzildən mülkiyyət hüququnu ehtiva edən istifadə, sahiblik və sərəncam hüquqlarının olmadığını, həmçinin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 78 saylı evin 18 saylı mənzilindən istifadə hüquqları itirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 78 saylı evin 18 saylı mənzilindən istifadə hüquqları itirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar