Məhkəmə qərarları › İş №2(005)-651/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-651/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-651/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Abasova (İsmayılova) Reyhan Ələsgər qızının Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abasova (İsmayılova) Reyhan Ələsgər qızının Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Haqverdi oğlu ilə aralarında olan nikahı və azyaşlı övladlarının olmasını nəzərə alaraq ən yüksək miqdarda aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 2006-cı ildə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən iki övladları var. X7 xx xxxx 2008-ci ildə doğulub. X8 xx xxxxxx 2009-cu ildə doğulub. İlk zamanlar münasibətlər normal olsada hal-hazırda birgə yaşamağı mümkün deyil. Bunun haqqında cavabdeh iddiaçı kimi ərizə vermişdir. Səkkiz aydır ki, iddiaçı anasının himayəsində övladları ilə birlikdə yaşayır. Onların yaşamağı üçün ailə büdcəsinə ən azı 500 (beş yüz) manat lazımdır. X3 ilə aralarında olan nikahı və az yaşlı övladlarının olmasını nəzərə alaraq ən yüksək miqdarda aliment verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 məhkəməyə ərizə təqdim edərək övladları X4 və X1 üçün hər ay hər uşağa görə 200 (ümumilikdə 400 manat) aliment məbləğinin tutulmasını, məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ № 379170 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2008-ci il tarixdə doğulmuş Cavabdeh atası X7, anası isə İddiaçıdır. Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ № 379171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X6 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ASAN1 tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi,ev.148, m. 711 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx xxxx 2008-cı il təvəllüdlü X7 və xx xxxxxxx 2009-cu il təvəllüdlü X8 doğulmuşlar, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, azyaşlı uşağları isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 400 (dörd yüz) manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladlarının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx xxxx 2008-ci il təvəllüdlü Cavabdeh və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat hər ay sabit pul məbləğində aliment İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 10 (on) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü Cavabdeh və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xaxverdi oğlundan hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması vaxtı xx.xx.2020-cu il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar