Məhkəmə qərarları › İş №2(005)-687/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-687/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-687/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Furiddin oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Furiddin oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2dan və Cavabdeh1dan xx xxxx 2019-cu il tarixli, NSMK-1010_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6338,38 (altı min üç yüz otuz səkkiz manat 38 qəpik) manat, faiz borcuna görə 20,7 (iyirmi manat 73 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 6359,08 (altı min üç yüz əlli doqquz manat 08 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, NSMK—1010_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 6358,18 (altı min üç yüz əlli səkkiz tam yüzdə on səkkiz ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxx 2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxxx 2019-cu il tarixli, NSMK- 1010_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyar. xx xxxx 2019-cu il tarixli, NSMK-1010 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, NSMK-1010KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 10-dan gec olmayaraq hər ay 108,69 (bir yüz səkkiz manat 69 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayaşına əsasən Cavabdeh1-nun xx xxxx 2019-cu il tarixli, NSMK.-1010_K.MP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6338,38 (altı min üç yüz otuz səkkiz manat 38 qəpik) manat, faiz borcuna görə 20,7 (iyirmi manat 70 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 6359,08 (altı min üç yüz əlli doqquz manat 08 qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında restrukturizasiya məqsədilə bağlanmış xx.xx.2019-cu il tarixli NSMK-1010_KMP saylı Kredit müqaviləsindən görünür ki, bank müştəriyə xx.xx.2015-ci il tarixli, NSMK-1010 saylı Kredit Müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə Kredit verməyi, müştəri isə Kredit Müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada Krediti qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 6358.18 manat məbləğində vəsaiti illik 1%-lə, 60 ay müddətinə, 135.17 annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli NSMK-1010_KMP nömrəli Zaminlik Müqaviləsindən görünür ki, “Zamin” Cavabdeh2 “Bank” qarşısında “Borcalanın” kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 nxx xxxx 2019-cu il tarixli, NSMK-1010_KMP saylı müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə ödənilməmiş əsas borc 6338.9 manat, hesablanmış faiz üzrə 20.7 manat, ümumilikdə 6359.08 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq 3 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqavilələrini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışından da görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 6338.38 manat, faiz borcu 20.7 manat olmaqla, ümumilikdə borcu 6359.08 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 6338.38 manat əsas borc, 20.7 manat faiz borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 6338.38 manat məbləğində əsas borc, 20.7 manat məbləğində faiz borcu, cəmi 6359.08 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar