Məhkəmə qərarları › İş №2(005)-935/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-935/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-935/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Atatürk Prospekti, ev 47, 82 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və qəbul edilmiş qətnamə cavabdehlərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk Prospekti, ev 47, 82 nömrəli mənzili Bakı şəhəri, 19 saylı Notariat kontorunda xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ № 0664059) bağlayaraq almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən həmin mənzilə dair xx.xx.2018-ci il tarixdə ona Çıxarış verilmişdir. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən 2 il 8 ay keçməsinə baxmayaraq, iş üzrə cavabdehlər hələ də ona məxsus mənzildə qeydiyyatdadırlar. Halbuki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-sü bəndində cavabdehlər xx.xx.2018-ci il tarixdən qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüşdürlər. Nərimanov rayon 35 saylı MKİSnin 049942 saylı arayışına və "Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən iş üzrə cavabdehlər iddiaçının mülkiyyəti olan Nərimanov rayonu, Atatürk Prospekti, ev 47, 82 nömrəli mənzildə qeydiyyatdadırlar. İş üzrə cavabdehlər iddiaçının qohumları deyillər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 47, 82 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2810 nömrəli reyestr kitabının 262016 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk küçəsi, ev 47, 82 nömrəli mənzilini alıcı İddiaçı satmışdır; “Elektron notariat” X1 çıxarılmış xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 47, 82 saylı mənzilində qeydiyyatdadırlar; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, X4 küçəsi, ev 47, 82 nömrəli mənzili mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 həmin mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Həmin vaxt hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bu mənzildə pasport qeydiyyatında olmuşdur. Müqaviləyə əsasən Cavabdeh1 (satıcı) iddiaçıya (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi (Müqavilənin 8-ci bəndi) öhdəsinə götürmüşdür. Hazırda cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 47, 82 nömrəli mənzilində yaşamırlar, lakin pasport qeydiyyatında olmaqda davam edirlər. Onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, Cavabdeh1 mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 47, 82 nömrəli mənzilindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 47, 82 nömrəli mənzilindən istifadə hüquqları itirilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 47, 82 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar