Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1532/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair" iddia ərizəsi üzrə mülki işə 11 sentyabr 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin həmin ünvandakı mənzilin qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil halhazırda onun mülkiyyətindədir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin çıxarışın surətini də hazırki ərizəsinə əlavə etmişdir. O, bildirmişdir ki, o, xx.xx.1959-cu il tarixdə həmin mənzildə dünyaya gəlmiş, böyüyüb boya-başa çatmışdır, həmin mənzil ona rəhmətlik atasından vərəsəlik qaydasında miras qalmışdır, hal-hazırda sözügedən əmlak onun mülkiyyətində, sahibliyində, istifadəsindədir və orada yaşayır. Qeyd olunmuşdur ki, həmin mənzildə ondan başqa birinci həyat yoldaşından dünyaya gəlmiş oğlu Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, onların övladları Cavabdeh3 və ikinci həyat yoldaşından dünyaya gəlmiş qızı Cavabdeh4 qeydiyyatdadır. Məlumat üçün bildirmişdir ki, o, 1980-ci ildə Cavabdeh3 Məhərrəm oğlu ilə ailə həyatı quraraq rəsmi qaydada nikaha daxil olmuşdur. Cavabdeh3lə birgə nikahdan xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1 dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan münasibətləri tamamilə korlanmış, bərpa olunması imkansız həddə çatmışdır. Məhkəmənin qərarı ilə Cavabdeh3lə aralarında olan birgə nikaha xitam verilmişdir. Bundan sonra o, X2 ilə rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur və bu nikahdan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh4 dünyaya gəlmişdir. Cavabdehlərdən Cavabdeh4 hazırda onun mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Belə ki, o, ünvan 2 ünvanında övladları ilə birlikdə yaşayır. Digər cavbdehlərdən Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 özlərinə məxsus yaşayacaq kifayət qədər geniş, tam təmirli və komfortlu mənzilləri olsa da, məqsədyönlü şəkildə onun mənzilində yaşayırlar. Hazırda oğlu Cavabdeh1 mülkiyyətində atası mərhum həyat yoldaşı Cavabdeh3 vərəsəlik qaydasında miras qalmış ünvan 3 ünvanında yerləşən mənzil vardır və həmin mənzildə onun xx.xx.2005-ci il təvəllüdlü oğlu Cavabdeh3 tək yaşayır. Onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən gələcəkdə pay almaq üçün cavabdehlərdən Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 özlərinə məxsus mənzilləri olduğu halda onun mənzilində qeydiyyatda olmaqla yaşayırlar, digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 sadəcə onun mənzilində qediyyatdadırlar. Halbuki cavabdehlərin hər birinin yaşamaq üçün özlərinə məxsus mənzilləri vardır. Göründüyü kimi cavabdehlərin hər birinin mövcud yaşayış sahəsi olsada, hələ də onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Belə ki, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsində qeydiyyatda olmasını təsdiq edən yaşayış yeri üzrə qeydiyyat haqqında “008184 №-li Arayışın surəti də hazırki ərizəsinə əlavə olunmuşdur. Hal-hazırda tam mülkiyyət hüquqlarının olduğu mənzilində həmin şəxslərin qeydiyyatda olması onun mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməyinin qarşısını alır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda onun mənzilində qeydiyyatda olması səbəbindən o mənzilini sata, bağışlaya və ya digər yolla özgəninkiləşdirə bilmir. Hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər həmin ünvandakı mənzilin qeydiyyatından çıxarılmalıdır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1951 nömrəli reyestr kitabının 180054 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2004cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh4 da qeyd edilən ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş ünvan 4 Mənzil-Kommunal İstismar Sahəsinin 06 avqust 2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 nömrəli mənzilində İddiaçı ilə yanaşı gəlini Cavabdeh2 və oğlu Cavabdeh1 da qeydiyyatdadır və həmin ünvanda yaşayırlar. "xxxx" MTK-nın məhkəməyə ünvanlanmış 27 avqust 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında Cavabdeh2 və onun oğlu Cavabdeh3 yaşayırlar. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 153 Cavabdeh1 mülkiyyətindədir. İddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 nömrəli mənzilində istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2004-cü ilin iyul ayında mübahisəli evə qeydiyyata alındığından bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Beləliklə Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən müəyyən edilir ki, həmin maddədə göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri və mübahisəli yaşayış sahəsində birgə yaşamasıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, əvvəlcə cavabdehlərə qarşı iddia tələbi cavabdehlərin iddiaçıya münasibətdə ailə üzvü olub-olmadığı nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 iddiaçının doğma övladı olmaqla, onun ailə üzvüdür. Digər cavabdehlər gəlini Cavabdeh2 və nəvəsi Cavabdeh3dur. Cavabdeh1 ailə həyatı qurmuş və onun ailəsi ilə birlikdə daimi yaşaması üçün başqa yaşayış sahəsi olmasına baxmayaraq (Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 153 Cavabdeh3 mülkiyyətindədir) mübahisəli mənzildə yaşamağa davam edir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehin (ailə üzvləri ilə birlikdə) mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Pasport qeydiyyatı isə istifadə hüququnun yaranmasına əsas deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh3 qeyd edilən mənzildə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı işin tərəflər arasında mübahisələndirilməyən halları (tərəflərin ifadələri) ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 öncədən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 saylı mənzildə istifadə hüquqları mövcud olsa da, o, uzun müddətdir ki, mübahisəli evdə yaşamır. Məhkəmə Cavabdeh3 mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, Cavabdeh3 uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə təsdiq olunur ki, cavabdeh daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, Cavabdeh3 mövcud olmuş istifadə hüquqları artıq mövcud olmayaraq aradan qalxmışdır. İddia tələbi isə istifadə hüququna xitm verilib mənzildən çıxarılma ilə əlaqədar olduğundan və Cavabdeh3 həmin mənzildə yaşamadığından onun istifadə hüququna xitam verilib mənzildən çıxarılması iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia qismən təmin edilməli, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 saylı mənzilinə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmalı, Cavabdeh3 isə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 saylı mənzildən istifadə hüququ çoxdan itirildiyindən və həmin mənzildə yaşamadığından iddia ona münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 22 saylı mənzildən istifadə hüququna xitam verilməklə onlar həmin mənzildən çıxarılsın. İddia Cavabdeh3 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1532/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1532/2024
11.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver